Almaniya dərmanlarının idxalı dayandırılır – İstifadəçilər narahatdır

  • 2026.10.13 16:47
  • 133 Baxış
Almaniya dərmanlarının idxalı dayandırılır –  İstifadəçilər narahatdır

Apteklərdə bəzi alman dərmanlarının qıtlığı yarana bilər.

Medicina.az xəbər verir ki, Almaniyanın "Biologische Heilmittel Heel GmbH" əczaçılıq şirkətinə məxsus dərman vasitələrinin təchizatında problem yaranıb. Belə ki, şirkət Azərbaycan bazarı üçün məhsul istehsalını dayandırıb.

Almaniyanın məşhur "Heel" əczaçılıq firmasının preparatlarının idxalında yaranmış böyük böhran iqtisadi səbəblərdən qaynaqlanır.

İdxalçı-distribüter yaranmış vəziyyəti izah edərək bildirib ki, sözügedən preparatların ölkəyə gətirilməsi iqtisadi baxımdan sərfəli deyil. Belə ki, son illər dərmanların istehsal olunduğu ölkədə 30%-dən çox inflyasiya, xammal, enerji və logistika xərclərinin artması istehsalçı şirkətin qiymətlərinə də təsir edib.

Azərbaycanda isə hələ də 2016-cı ildə Tarif şurasının təsdiqlədiyi qiymətlər qüvvədə olduğundan idxalçı şirkət həmin dərmanların gətirilməsində faktiki olaraq maliyyə itkisi yaşayır. Qiymətlərdə yeni tənzimləmələr həyata keçirilməsə distribüter həmin preparatların Azərbaycan bazarı üçün təminatında maraqlı olmayacaq.

Qeyd edək ki, firmanın Azərbaycandakı rəsmi distribüteri bildirdi ki, firmanın 21 dərman preparatının idxalı 2016-cı ildən etibarən dayandırılıb, sonrakı dövrdə dövlət qeydiyyatı yenilənmədiyi üçün apteklərdə satışdan çıxarılıb. Digər 6 preparatın satışı əvvəlki idxaldan anbarlarda qalmış məhsullar hesabına davam etdirilir. Mövcud ehtiyatlar tükəndikdən sonra həmin preparatların da Azərbaycan bazarında satışı mümkün olmayacaq. Növbəti 36 preparatın isə dövlət qeydiyyatı qüvvədə olsa da ölkəyə idxalı nəzərdə tutulmur. Həmin preparatların da anbar ehtiyatı bitdikdən sonra pasiyentlər əldə edə bilməyəcəklər.

Rəsmi distribüterin məlumatına görə, Tarif şurasına qiymət tənzimlənməsi ilə əlaqədar müraciət olunub.

Pasiyentlər narahatdır: “Əsas məsələ dərmanın bazarda qalmasıdır”

Mütəxəssislərin fikrincə, dərmanın bazarda olmaması yalnız qiymət məsələsi deyil, eyni zamanda pasiyentin müalicəyə fasiləsiz çıxışı baxımından da qiymətləndirilməlidir. Onların fikrincə, burada əsas məsələ yalnız dərman qiymətlərinin dəyişdirilməsi deyil, pasiyentlərin ehtiyac duyduğu preparatların ölkə bazarında qalmasının və təchizatın davamlılığının təmin edilməsidir.

Medicina.az