Alzheimer xəstələri üçün yeni ümid

  • 2024.04.04 22:40
  • 381 Baxış
Alzheimer xəstələri üçün yeni ümid
Alzheimer xəstəliyinin daha ucuz və daha sürətli diaqnozunu təmin etmək üçün İngiltərədə qan testi təcrübələrinin aparılacağı açıqlanıb.

Medicina.az xəbər verir ki, BBC-nin məlumatına görə, London Universitet Kolleci (UCL) və Oksford Universitetindən olan qruplar
Alzheimer xəstəliyinin erkən diaqnozunu və müalicəyə çıxışı asanlaşdırmaq ümidi ilə yeni klinik testlər keçirəcəklər. Testlər İngiltərədə təxminən 5 min insandan götürülmüş qan nümunələri ilə aparılacaq.

Bu kontekstdə Oksford Universitetinin tədqiqatçıları könüllülərdən toplanan qan nümunələrində "amiloid və tau" kimi bəzi zülalların izlərini və damar demensiyası, frontotemporal demensiya və Lewy bədən demensiyası növlərinin mümkün bioloji əlamətlərini axtaracaqlar.

Mütəxəssislər qeyd olunan demensiya növlərinin müxtəlif mərhələlərdə qan analizləri ilə aşkarlanmasının mümkün olub-olmadığını araşdıracaqlar.

UCL-dən olan tədqiqatçılar qanda p-tau217-nin səviyyəsinin həm erkən demensiya, həm də Alzheimer xəstəliyinin diaqnoz nisbətini artırıb-artmadığını görmək üçün klinik sınaq keçirəcəklər.

UCL-in tədqiqatlarına rəhbərlik edən nevrologiya professoru Conatan Skott Alzheimerin müalicəsində erkən diaqnozun əhəmiyyətini vurğulayaraq deyib:

"Ümid etdiyimiz kimi, Alzheimer xəstəliyini yavaşlatmaq üçün yeni müalicələr tapılarsa, bu tədqiqat həyati əhəmiyyət kəsb edəcək".

Skott həmçinin bildirib ki, tədqiqatlar nəticəsində xəstələr yeni müalicə üsullarına "ədalətli və bərabər çıxış" əldə edə biləcəklər.
Alzheimer kimi demensiyaya səbəb olan xəstəliklərin vaxtında və dəqiq diaqnozu xəstəliyin müalicəsində mühüm əhəmiyyət kəsb edir.

Elm adamları ümid edirlər ki, tədqiqat gələcək 5 il ərzində Böyük Britaniyada Alzheimer xəstəliyinə diaqnoz qoymaq üçün qan testlərindən istifadə etməyə imkan verəcək.

Digər tərəfdən, İngiltərədə hazırda xəstələrin yalnız təxminən üçdə birində rəsmi olaraq Alzheimer diaqnozu qoyula bildiyi ifadə edilir.


Aysel