Ambulator tibbi kitabçalar tarixə qovuşur - FOTO

  • 2023.02.20 10:13
  • 1577 Baxış
Ambulator tibbi kitabçalar tarixə qovuşur -  FOTO
Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb.


Medicina.az xəbər verir ki, vətəndaşlara məxsus ambulator tibbi kitabçalar ləğv edilərək, onlarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.


Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həyata keçirdiyi bu yenilik imkan verəcək ki, ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaş sürətli şəkildə müvafiq həkimə yönləndirilsin.


Bu prosesə pilot layihə olaraq Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində fəaliyyət göstərən 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında başlanılıb. Belə ki, ilkin mərhələdə 58 min əhalinin məlumatlarının daxil edilməsi nəzərdə tutulub. 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi olaraq, daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13 nömrəli Uşaq Poliklinikasında da davam etdiriləcək.


Gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək.
BBSM-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi statistika və analitika şöbəsinin müdiri İradə İsmayılovanın sözlərinə görə, əvvəlki dövrlərdə poliklinikaya müraciət edən vətəndaşın tibbi məlumatları kağız daşıyıcı olan ambulator tibbi kitabçada toplanırdı:


“Ambulator tibbi kitabçaların axtarılması, həmçinin, vətəndaşın qeydiyyatda olmadığı poliklinikaya müraciət etdiyi halda onun üçün yeni ambulator tibbi kitabçanın açılması bir qayda olaraq tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinə səbəb olurdu. Bu eyni zamanda həkimlərə xəstələrin əvvəlki tibbi məlumatlarının öyrənilməsində çətinliklər yaradırdı. Artıq bu çətinliklərə son qoyulur. Ölkənin istənilən rayonunun ərazisində yaşayan vətəndaş istənilən poliklinikaya müraciət etdiyi halda yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onun ambulator tibbi kitabçasında olan məlumatları elektron qaydada əldə etmək və onu müvafiq həkimə yönləndirmək mümkün olacaq”.
Qeyd edək ki, bu məqsədlə E-Tebib proqramında müvafiq həkim səhifəsinin yaradılması ilə bağlı texniki tapşırıqlar hazırlanıb və tətbiqi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinə təqdim olunub.