Qızdırma uşaqlarda və böyüklərdə ən çox rast gəlinən şikayətlərdən biridir. Lakin qızdırmanın olması hər zaman antibiotikə ehtiyac olduğu anlamına gəlmir.
Medicina.az xəbər verir ki, antibiotiklər yalnız bakteriyaların törətdiyi infeksiyaların müalicəsində təsirlidir. Soyuqdəymə, qrip və əksər boğaz ağrıları kimi virus mənşəli xəstəliklərdə antibiotiklərin heç bir faydası yoxdur.
Antibiotiklərin lazımsız qəbulu allergik reaksiyalar, ishal və digər yan təsirlərə səbəb ola bilər. Bundan əlavə, bakteriyalarda antibiotiklərə qarşı davamlılıq yaranır ki, bu da gələcəkdə infeksiyaların müalicəsini çətinləşdirir.
Qızdırması olan şəxslərdə ilk növbədə kifayət qədər maye qəbulu, istirahət və lazım gəldikdə yaşa uyğun qızdırmasalıcı dərmanlardan istifadə tövsiyə olunur. Antibiotik isə yalnız həkim müayinəsi və ehtiyac olduqda təyin edilməlidir.
Unutmayın: Qızdırmanı yox, onun səbəbini müalicə etmək lazımdır. Antibiotiklər yalnız həkim məsləhəti ilə istifadə edilməlidir.
Aygün
Medicina.az