Apteklərdəki "koronavirus paketi" virusa təsir etmir, biznes marağıdır - Professor

  • 2020.12.24 16:55
  • 4189 Baxış
Apteklərdəki "koronavirus  paketi" virusa təsir etmir, biznes marağıdır     - Professor


Pandemiya dövründə əvvəlcə Təbib adından, daha sonra Səhiyyə Nazirliyi tərəfindən guya evdə koronavirus xəstələrinə dəstək və müalicə məqsədilə hazırlanmış müalicə paketi sonradan apteklərdə 53, hətta 100 manata peyda oldu.


Sosial şəbəkələrdə etirazlardan sonra Təbib bu paketləri araşdırdı və Avromed adlı böyük dərman idxalçısı şirkətinə aid olduğunu bildirdi.

Bəs poliklinikalarda koronavirus xəstələrinə müalicə adı ilə əvvəl təqdim olunan, daha sonra yığışdırılan bu paket həqiqətənmi koronavirus xəstələrinə vacibdir.

Axı dövlət tərəfindən bu paketin tərkibi tərtib olunandan sonra apteklər eyni dərmanları “Koronavirus müalicə paketi”nə daxil edib 53 manata satışa çıxardı.




Medicina.az tanınmış pulmonoloq, Avropada çalışmış Əlizamin Sadıqovdan bu paketin müalicədə rolu barədə açıqlama alıb.


Professor bilbirib ki, bu paketin və içinə daxil edilənlərin koronavirusda heç bir əhəmiyyəti yoxdur.

“Bu paketə daxil olan bircə parasetamol dərmanıdır ki, Avropada evdə müalicə alan xəstələrə hərarət salıcı kimi təyin edilir.
Onu da insanlar ucuz qiymətə özləri ala bilər.

Qalan ucuz və keyfiyyətsiz C vitamin, əlavə olaraq maqniy, D vitamin, selen, sinkə göstəriş yoxdur və dünyanın heç bir ölkəsində xəstələrə tövsiyə edilmir.

Bu paketin əvvəldən bu tərkibdə tərtibi və insanlara koronavirusdan müalicə vasitəsi kimi təbliği yanlış idi.
Sonradan apteklərdə belə paketlərin satılması bir qrup işbazın biznes maraqlarından başqa bir şey deyil.

Mən müalicə etdyim xəstələrə evdə yalnız antiviral dərman kimi özünü doğruldan Favipiravir və göstəriş olarsa tromboza qarşı antikoaqulyant təyin edirəm. Başqa heç bir vitamin, mineral xəstəliyin gedişinə təsir etmir.

İnsanlar istərlərsə yaxşı keyfiyyətli vitaminləri öncədən özləri ayrıca alıb qəbul edə bilərlər.

Paketdəki preparatların keyfiyyətinə belə əmin deyiləm. Belə paketlərə pul xərcləməsinlər və ümid də etməsinlər”