Artıq gənclərdə də oynaq ağrıları başlayıb - Həkimdən açıqlama

  • 2024.01.12 14:45
  • 928 Baxış
Artıq gənclərdə də oynaq ağrıları başlayıb  - Həkimdən açıqlama
Oynaq ağrılarının yalnız yaşlı insanlara aid olması fikri yalnışdır, çünki ağrılar hər yaşda yarana bilər. Bununla belə, oynaq ağrılarının əsas səbəbi kimi müxtəlif artritlər (osteoartrit, revmatoid artrit, reaktiv artrit, podaqra və s.) hesab olunur. Belə ki, artritin ümumi növü olan osteoartrit zamanla sümüklər arasındakı qoruyucu yastıq olan qığırdaqın köhnəldiyi zaman baş verir.

Osteoartrit yavaş inkişaf edir və adətən orta yaşda baş verir. Romatoid artrit oynaqlarda şişlik və ağrıya səbəb olan xroniki bir xəstəlikdir. Bu zaman tez-tez oynaqlar deformasiyaya uğrayır (adətən barmaqlarda və biləklərdə olur). Podaqra bədəndəki kristalların oynaqda toplandığı, şiddətli ağrı və şişkinliyə səbəb olan ağrılı bir vəziyyətdir. Bu, adətən ayağın baş barmağında olur. Bursit gərginlik səbəbindən baş verir, bud-çanaq, diz, dirsək və ya çiyin nahiyəsində olur.




"Medicina" xəbər verir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov oynaq sağlamlığı ilə bağlı vacib tövsiyələr verib.


"Bundan əlavə, viral infeksiyalar, səpgilər və ya qızdırma, həmçinin sümüklərin qırılması və ya burxulması kimi xəsarətlər oynaq ağrıların yaranmasına səbəb ola bilər. Belə ki, tendinit, tendonların və ya sümük və əzələləri birləşdirən bağlantıların iltihabıdır, dirsəkdə, dabanda və ya çiyində görünür.

Belə ağrılar vaxtilə oynaqların zədəsini alan, intensiv məşqlər və ya peşəsi ağır fiziki əməklə məşğul olan, artrit və ya digər xroniki xəstəliklər (məsələn, şəkərli diabet), stres, artıq çəkidən əziyyət çəkən şəxslərdə baş verir.


Ağrılar oynaqların sərtliyi, hərəkətsizliyi və hərəkətlərin məhdudlaşdırılması, oynaqlarda şişkinlik və s. kimi əlamətlərlə özünü büruzə verir. Bursit, yəni oynaq kisəsinin iltihablanması, yumşaq toxumalarda sıxılmaların yaranması, əzələ və oynaqların həddindən artıq gərginliyi, oynaq ətrafı bəzi yumşaq toxuma hissələrinin zədələnməsi, vətərlərin və ya vətər qişalarının iltihablanması, oynaq kisələrində həddindən artıq mayenin toplanması nəticəsində rast gəlinən oynaq ağrıları səbəblərindəndir.


Oynaq ağrıların müalicəsi olmasa da, onun simptomlarının aradan götürməsi üçün təsirli üsulları mövcuddur. Bəzən sadə gündəlik məşqlər etməklə ağrı keçə bilər. Digər hallarda, ağrı yalnız dərman və ya cərrahiyyə əməliyyatı ilə aradan qaldırıla bilər.


Nəzərə almaq lazımdır ki, hətta reseptsiz satılan dərmanlar da insanlara fərqli təsir göstərir. Hər hansı bir dərman qəbul edərkən həkiminizin göstərişlərinə diqqətlə əməl edin və əlavə təsirlərlə qarşılaşdığınız təqdirdə ona məlumat verin.

-Oynaqların yükünü azaltmaq üçün müalicə edən həkim xəstəyə əsa, ortopedik ayaqqabı və ortez (diz breketləri) kimi köməkçi cihazlarlar tövsiyə edə bilər.



Oynaq ağrıları həm dərmanlar, həm də fiziki müalicə ilə uzun müddət aradan qaldırılmadığı təqdirdə cərrahiyyə müdaxilə effektiv müalicə variantı ola bilər. Xəstənin vəziyyətindən asılı olaraq, bu, artroskopiya, yəni cərrahın oynağın üzərində iki və ya üç kiçik kəsik etdiyi, oynağın içərisində və ya yaxınlığında qığırdaqları bərpa etmək, sümük qırıntılarını çıxarmaq üçün artroskop alətdən istifadə edərək oynağa daxil olduğu minimal invaziv prosedur icra edilə bilər. Bununla yanaşı, oynaqların dəyişdirilməsi əməliyyatları (sümüklərin uclarını qoruyan qığırdaq köhnəldikdən sonra oynağın dəyişdirilməsi) kimi üsullardan istifadə oluna bilər".

Aygün Musayeva