Astmanın yeni müalicə üsulu tapıldı

  • 2024.04.08 20:08
  • 683 Baxış
Astmanın yeni müalicə üsulu tapıldı
Astma xəstəliyinin səbəbi və yeni müalicə üsulu tapılıb.

Medicina.az xəbər verir ki, alimlər xəstəliyin əsas simptomlarının qarşısını ala biləcək yeni müalicə metodunu müəyyən ediblər.

Astma geniş yayılmış xəstəlik olsa da, onun yaranma səbəbi indiyə kimi elm üçün naməlum idi. Astma adətən iltihablı xəstəlik kimi müalicə edilir. Müalicə zamanı tənəffüs yollarını rahatlaşdıran və iltihabı sakitləşdirən, nəfəs yollarında daralmanı aradan qaldıran dərmanlar yazılır.

Alimlər siçanlar üzərində aparılan yeni araşdırmanın nəticələrinə əsasən, astma zamanı yaranan iltihabın səbəbini müəyyənləşdirə biliblər. Belə ki, tənəffüs yolu əzələlərinin büzüldükdə onu əhatə edən epitel hüceyrələrinin sıxılaraq öldüyü müəyyən edilib. Məlum olub ki, baryer rolunu oynayan bu hüceyrələr azaldıqda astma riski artır.

Epitel hüceyrələrini qadolinium kimyəvi birləşməsi ilə qorumağın mümkün olduğu aydınlaşdırılıb. Belə ki, bu maddə siçanlarda hüceyrə zədələnməsinin və astma iltihabının qarşısını almağa kömək edib.

Beləliklə də, astmanın müalicəsinin təkcə simptomları aradan qaldırmaqdan ibarət olmadığı sübuta yetirilib. Gələcəkdə astma xəstələri üçün daha effektiv müalicə üsullarının tətbiq edilməsi üçün bu araşdırmanın yeni bir cığır açdığı qeyd edilib.

Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 262 milyon insan astma xəstəliyindən əziyyət çəkir.


Aysel