ATU-nun dosenti, həkim vəfat etdi

  • 2024.05.02 15:07
  • 457 Baxış
ATU-nun dosenti, həkim  vəfat etdi

Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının dosenti Vahid Ziyəddin oğlu Qaraqurbanlı 1 may 2024-cü il tarixində vəfat edib. Tibb elmləri üzrə fəlsəfə doktoru, ali dərəcəli cərrah Vahid Qaraqurbanlı 1949-cu ildə Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində (Qərbi Azərbaycanın Dağ Borçalısı Loru mahalının Cucikəndində) anadan olub, 1956-cı ildən həmin kəndin orta məktəbində, sonradan isə İlməzli kənd tam orta məktəbində oxuyub.



"Medicina" xəbər verir ki, o, 1968-1974-cü illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində ali təhsil alıb və Moskvada internaturanı bitirdikdən sonra orada Mərkəzi Şəhər Xəstəxanasında işləyib.



1979-1981-ci illərdə V.M.Vladimirski adına Moskva Vilayəti Elmi-Tədqiqat İnstitutunda tam klinik ordinatura kursunu bitirib əmək fəaliyyətini 15 saylı Moskva Şəhər Kliniki Xəstəxanasında davam etdirib.



1984-1989-cu illərdə Vahid Qaraqurbanlı əvvəlcə cərrah, sonra isə cərrahiyyə şöbəsinin müdiri işləməklə yanaşı, elmi fəaliyyətini davam etdirib və 1991-ci ildə “Mədəaltı vəzin cərrahi xəstəliklərinin müasir müayinə və müalicə üsulları” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib. Tibb elmləri üzrə fəlsəfə doktoru, dosentdir.



Vahid Qaraqurbanlı ali dərəcəli cərrah olmuş, cərrah kimi praktik fəaliyyətində sadədən mürəkkəbə qədər on minlərlə cərrahi əməliyyat icra edib. O, 1994-cü ildə Bakıya köçmüş və həmin ildən Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında işləyib.


Allah rəhmət eləsin!