Autizmli uşaqların inkişafına dəstək - Valideynlər üçün növbəti təlim - FOTO

  • 2023.08.16 17:46
  • 5663 Baxış
Autizmli uşaqların inkişafına dəstək  - Valideynlər üçün növbəti təlim - FOTO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi naminə" ictimai birliyinin təşkilatçılığı ilə "Autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların valideynləri ilə işin təşkili" layihəsi çərçivəsində növbəti təlim 11 avqustda “Loqoritmika Reabilitasiya və İnkişaf” Mərkəzində baş tutdu.



"Medicina" xəbər verir ki, birliyin sədri Xanım İsazadə layihə haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, layihənin məqsədi autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların inkişafını dəstəkləməkdir.



Bu məqsədlə, həssas qrupdan olan uşaqların valideynlərinə “Pozitiv valideynlik” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimçi təcrübəli psixoloq-loqoped Vüsalə Əhmədova valideynlərə övladları ilə sağlam ailə münasibətləri haqqında geniş məlumat verib. Əlavə olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almasından bəhs edib.

Belə ki, inklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir. Hər bir uşaq kimi, autizmli uşaqların da dövlət məktəblərində təhsil almaq hüququ var.



Digər əlilliyi olan uşaqlar kimi, autizmli uşaqlar üçün də yerli təhsil qurumunun nəzdindəki psixoloji, tibbi-pedaqoji komissiya valideynlərin də iştirakı ilə uşağın diaqnozuna görə məktəblərdə təhsilin təşkili formasını təyin edir. Artıq təhsil qanununa əsasən, ümumtəhsil məktəblərində inklüzivlik pedaqoji proses əsas prinsiplərdən biridir. Buna görə də hər bir müəllimin vəzifəsi bu sahədə bilik və bacarıqlarını artırmaq olduğunu bildirib.

Təlim sonunda Vüsalə Əhmədova valideynlərin suallarını cavablayıb.

Sonda, birliyin sədri Xanım İsazadə layihə üzrə təlimdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Valideynlərə sertifikat təqdim olundu və xatirə şəkli çəkildi.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində davamlı olaraq təlimlər keçiriləcəkdir.