Autizmli uşaqların Mədəniyyət festivalı keçiriləcək -Azərbaycanda ilk dəfə

  • 2019.05.27 15:56
  • 3979 Baxış
Autizmli uşaqların Mədəniyyət festivalı keçiriləcək - Azərbaycanda ilk dəfə
Azərbaycanda ilk dəfə autizm sindromlu uşaqların Autizm Mədəniyyət Festivalı keçiriləcək.


Medicina. az xəbər verir ki, tədbir mayın 31-də "Uşaqların Xoşbəxt Gələcəyi”, "Birgə və Sağlam" ictimai birliklərinin və "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutacaq.


Heydər Əliyev Mərkəzində təşkil olunacaq festivalda autizmli uşaqlar incəsənətin müxtəlif sahələrində - rəqs, solo, xor şəklində ifalarda istedadlarını nümayiş etdirəcəklər. Eyni zamanda uşaqlar podiuma model kimi də çıxacaqlar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazirlanan kolleksiyani təqdim edəcəklər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzinin 10 uşağı nümayiş etdirəcək.


Festivalda Türkiyədən də istedadlı autizmli uşaqlar iştirak edəcək və İzmir Autizm Orkestri - İZOT xor qrupunun maraqlı proqramla çıxışı olacaq.


Autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edən festival həm də maarifləndirici xarakter daşıyır. Tədbir ərzində qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər, sosial çarx, klip göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların festivalda özlərini bizlərdən biri hiss etmələri üçün onlarla həmyaşıd olan normal inkişaf edən uşaqların da bəzi nömrələrdə birlikdə çıxış etmələrinə şərait yaradılacaq. Bununla cəmiyyətdə inkluiziv düşüncə tərzinin artmasına da təkan verilmiş olacaq.