Azərbaycan meymunçiçəyinə görə ÜST-ə müraciət etdi

  • 20 İyn 2022 14:36
  • 518 Baxış
Azərbaycan meymunçiçəyinə görə   ÜST-ə müraciət etdi

"Qısa zamanda Azərbaycana meymunçiçəyi virusunu müəyyən edən testlər gətiriləcək".


Medicina.az xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, meymunçiçəyi virusu dünyada var:


"Bu virus daha çox Afrikada müşahidə edilir. Hazırda Avropada da müşahidə olunur, lakin COVID-19 qədər narahatedici səviyyədə deyil. Fərqli formada yoluxduğu üçün yayılması o qədər də sürətli deyil.

Narahatlığa əsas yoxdur, amma bütün xəstəliklər kimi meymunçiçəyi də nəzarət altında saxlanılmalıdır. Xəstəliyin diaqnostikasının aparılması ilə əlaqədar olaraq Azərbaycan hökuməti ÜST-yə müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək".


Hande Harmancı testlərin sayının minlərlə olacağını qeyd edib. O əlavə edib ki, meymunçiçəyi virusunu aşkarlamaq üçün bir neçə test növü var:

"Hazırda hansı növ testin Azerbaycana gətirilməsi Səhiyyə Nazirliyi və TƏBİB-lə müzakirə olunur. Xatırlatmaq istəyirəm ki, hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı heç bir təhlükə yoxdur".