Azərbaycanda 1-ci Beynəlxalq Otorinolarinqologiya konqresi - Müasir diaqnostika, müalicə, yeniliklər

  • 2022.09.07 13:14
  • 2779 Baxış
Azərbaycanda 1-ci Beynəlxalq  Otorinolarinqologiya konqresi  - Müasir diaqnostika, müalicə, yeniliklər




Azərbaycan otorinolarinqologiyasının öz tarixi var. Uzun illər SSRİ-nin tərkibində hər bir respublikada yaradılmış və daha çox təmsilçilik funksiyası yerinə yetirən tibbi cəmiyyətlərdən biri olan otorinolarnqologiya cəmiyyəti ölkəmiz müstəqillik qazandıqdan sonra yeni reallıqlara cavab verməkdə çətinlikllər yaşadıgina görə yeni, tam müstəqil və dünya elmi cəmiyyətlərinə inteqrasiya edən bir qüruma ehtiyac yarandı.


Aparılan hazırlıq işlərindən sonra 2019-cu ildə “Azərbaycan otorinolarinqologiya cəmiyyəti” ictimai birliyi rəsmi qeydiyyatdan keçdi və fəaliyyətə başladı. Cəmiyyət qısa müddət ərzində “Dünya Qulaq-burun-boğaz cəmiyyətləri konfederasiyası”, “Avropa Otorinolarinqologiya Konfederasiyası”, “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi”nin üzvü seçilib ölkəmizi həmin qurumlarda layiqincə təmsil edir.


Medicina xəbər verir ki, 02-03 sentyabr 2022-ci il tarixində Bakıda “Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti" (AOC) və “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi (СASOS)”nin 1-ci Beynəlxalq konqresi keçirilmişdir. Konqresin elmi proqramı otorinolarinqologiyanın müxtəlif aktual problemlərinə həsr olunmuş 4 kurs və 13 elmi paneldən ibarət idi ki, burda da Azərbaycan, ABŞ, Türkiyə, Polşa, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan dövlətlərindən ümumilikdə 65 məruzəçi öz elmi işlərini təqdim etdilər. Konqresin işində iştirak etmək üçün 350-ə yaxın yerli və xarici otorinolarinqoloq qeydiyyatdan keçmişdir.


2 Sentyabr 2022-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun akt zalında konqresin açılışı baş tutdu.


Azərbaycanın ərazi bütövlüyü üçün canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikası Dövlət himni səsləndirildi.


Konqresi giriş sözü ilə təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov açaraq bildirdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanmaq lazımdır.


Bunun üçün ölkəmizdə artıq bir neçə ildir tətbiq edilmiş Davamlı Tibbi Təhsil sisteminin fasiləsizliyinin təmin olunması ən vacib məsələlərdəndir. Bu məsələni həll etmək üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar aparılır, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Qəbul edilmiş konsepsiyanın tam həcmdə işləməsi üçün müxtəlif tibbi ixtisaslar üzrə elmi cəmiyyətlərin rolu böyükdür. Azərbaycan otorinolarinqologiya cəmiyyəti də öz fəaliyyətini bu istiqamətdə qurur və Azərbaycan Respublikasında qulaq-burun-boğaz və baş-boyun xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinin dünya səviyyəsinə çatdırılmasına kömək etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bu gün işini başlayan beynəlxalq konqresdə də müxrəlif otorinolarinqoloji xəstəliklərin diaqnostikası, müalicəsi və fəsadları haqqında geniş müzakirələr aparılacaq, gələcək işlərin hansı istiqamətdə təşkil olunması haqqında qərarlar veriləcəkdir.


Sonra “Azərbaycan otorinolarinqologiya cəmiyyəti”nin sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının müdiri professor Nazim Hüseynov çıxış edərək konqresin işinə müvəffəqiyyətlər arzuladı.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Milli Məclisinin deputatları Aydın Mirzəzadə, Türkiyənin Azərbaycandaki səfiri Cahit Bağcı, Türkiyə KBB cəmiyyətinin sədri professor Tayfun Kirazlı,həmin cəmiyyətin baş katibi professor Özgür Yiğit, Qazaxıstan otorinolarinqologiya cəmiyyətinin sədri akademik Rays Tulebayev, Özbəkistan otorinolarinqologiya cəmiyyətinin sədri professor Xalida Şayxova çıxış edərək Türk dövlətləri arasında yaranmış qaşılıqlı əlaqələrin getdikcə daha sıx olması və inkişaf etməsi,dövlətlər arası əlaqələrin genişlənməsinin elmi əlaqələrə də bir başa müsbət təsiri haqqında danışdılar və konqresin işinə müvəffəqiyyətlər arzuladılar.

Konqresin xarici qonaqları arasında “Dünya Qulaq-burun-boğaz cəmiyyətləri konfederasiyası”nın İdarə Heyətinin üzvü professor Metin Önerci, “Türk Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Cəmiyyəti” Qulaq-burun-boğaz tədris məktəblərinin sədrləri, Avropa Larinqologiya Cəmiyyətinin keçmiş sədri professor Ferhan Öz, Polşa, İran, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Tacikistandan olan tanınmış otorinolarinqoloqlar yer almışlar. Konqres Azərbaycan həkimlərinin elmi-praktik biliklərinin artırılmasında mühüm rol oynayacaq.



Konqresin bağlanış mərasimində Vətən müharibəsində iştirak etmiş həkim otorinolarinqoloqlara, hazlrda təqaüddə olan pedaqoq həkimlərə, xarici məruzəçilərə, konqresin keçirilməsində əməyi olan əməkdaşlara "Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin" xatirə medalı və fəxri diplomları təqdim edildi.
Aygün Musayeva