Azərbaycanda 15 yaşlı qızda inkişaf etməmiş yarımuşaqlıq əməliyyat edildi

  • 2021.10.21 15:45
  • 2264 Baxış
Azərbaycanda 15 yaşlı qızda inkişaf etməmiş yarımuşaqlıq  əməliyyat edildi
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov 15 yaşlı yeniyetməni kəskin ağrılardan xilas edib.

Medicina.az xəbər verir ki, pasiyent yetkinlik yaşına çatmasına baxmayaraq, bir ildir ki, menstrual qanaxma və hər ay güclü ağrılardan əziyyət çəkirdi. Müalicələrə baxmayaraq 15 yaşlı qızın ağrıları azalmamışdı. Həkimlər bu problemin daxili orqanlardan qaynaqlandığını və cərrahi yolla aradan qaldırıla biləcəyini demişdilər.

Cərrah ginekoloq diaqnoz barədə bunları deyib:

“Aparılan ətraflı müayinələrdən sonra xəstəyə çox nadir hallarda, milyon adamda bir rast gəlinən “Müllerian anomaliyaları”ndan olan aplastik uşaqlıq diaqnozu qoyulub. Uşaqlıq və boruların qüsurları “Müllerian anomaliyaları” qrupunda toplanaraq, bütün dünyada qadınların təxminən 0.2 faizində rast gəlinir. Qüsurların ağırlıq dərəcəsinə görə əməliyyata ehtiyac olan və olmayan növləri var.

Əməliyyata ehtiyac olmayan qüsurlar reproduktiv fəaliyyətə mane olmur, əməliyyata ehtiyacı olanların 90 faizində isə korreksiyadan sonra reproduktiv fəaliyyət bərpa olur. Lakin xəstəmizə qoyulan diaqnoza Müllerian qüsurları içərisində dünyada tək-tük rast gəlinir. Belə ki, uşaqlıq yolu və yumurtalıqlar tam inkişaf edib. Uşaqlıq isə sağdan və soldan gələn Müllerian kanalların birləşməsi ilə vahid üçbucaqlı tək boşluqlu bir orqanı əmələ gətirib və aşağıdan inkişaf edən uşaqlıq yoluna birləşmək əvəzinə, soldan gələn Müllerian kanal çanağın sol yan divarında uşaqlıq yoluna çatmadan bir endometrial boşluq yaradaraq tək sol boru ilə inkişafını yarımçıq tamamlayır. Sağ Müllerian kanal isə tək borusu ilə endometrial boşluq yaratmadan çanağın sağ yan divarında sağ boru ilə inkişafını yarımcıq tamamlayır. Nəticədə, sol yarımcıq inkişaf etmiş uşaqlıqda hormonların inkişafı ilə bərabər menstrual qan əmələ gəlir. Lakin uşaqlıq yoluna çıxış olmadığı üçün qan bayıra deyil, tək uşaqlıq borusu vasitəsi ilə qarın boşluğuna axırmış. Kəskin ağrılar da bu səbəbdən yaranırmış”.

T.Canbaxışov aparılan əməliyyat planı haqqında da məlumat verib:

“Xəstəyə qoyulan diaqnoz tərəfimizdən ailəyə ətraflı izah edildi və mütləq əməliyyat olumasını məsləhət gördük. Və yarımçıq əmələ gələn uşaqlıqların çıxarılmasına deyil, onların düzgün korreksiya edilərək uşaqlıq yolu ilə birləşdirilməsinə qərar verildi. Həm də gənc qızın qarnının ön divarını kəsməklə yox, endoskopik üsula müdaxilə etmək uyğun görüldü.

Planlaşdırmaya əsasən, uşaqlıq yolunun histereskopiyası, həmçinin inkişaf etməmiş fibroz toxumaların, selikli qişası olmayan yarım-uşaqlığın və inkişaf etməmiş uşaqlıq boruları qalıqlarının çıxarılması nəzərdə tutuldu. O cümlədən inkişaf etməmiş, lakin selikli qişası olan yarım-uşaqlıq boşluğunun və tam inkişaf etmiş, lakin ucu kor olan uşaqlıq yolunun açılması, eyni zamanda yarım-uşaqlıqla uşaqlıq yolunun birləşdirilməsi məsləhət bilindi.

Əməliyyat endoskopik üsulla 2,5 saata yaxın davam etdi və sonda uğurla nəticələndi. Üç gün xəstəxanada qaldıqdan sonra pasiyentimiz heç bir ağrısı və şikayəti olmadan evə yazıldı”. /aztibb.az/