Ekspertlər deyir ki, limitin tətbiq edilməsi xəstələrin xeyrinədir
Son vaxtlar xəstəxanalara müraciət edən xəstələrin bir qismi həkimlərin qəbuluna düşə bilmir. Bunun səbəbi müxtəlif amillərlə bağlıdır.
Sosial şəbəkələrdə belə məlumatlar yayılıb ki, bir sıra xəstəxanalarda pasiyentin müraciəti zamanı həkim gün ərzində 30 nəfərlik limitinin dolduğunu və əlavə xəstəni qəbul edə bilməyəcəyini bildirir.
Bu da bir faktdır ki, xəstə bəzən həkimin qəbuluna düşməklə bağlı qəbz almaq üçün uzun müddət növbədə gözləməli olur. Nəticədə isə həkim limitinin dolduğunu bildirdikdə pasiyent yenidən gəlməli olur.
TƏBİB-dən Cebheinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumiyyətlə, ambulator şəraitdə pasiyent qəbulunda həkimlər üçün heç bir məhdudiyyət və ya limit tətbiq olunmur:
“Əmək müqaviləsi şərtlərinə uyğun olaraq həkimin gündəlik iş saatı ərzində (6 saat, ixtisasından asılı olaraq fərqli ola bilər) müraciət edən hər bir pasiyent qəbul olunaraq, müayinə olunmalıdır. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq ixtisaslı həkim müayinəsi xidmətinə görə limit həkimin müayinə etdiyi xəstə sayına görə aylıq həvəsləndirici əlavəyə (bonus) görə tətbiq edilir və gündəlik 35 (otuz beş) nəfər olmaqla müəyyən edib".
Qeyd edilib ki, əlavə olaraq həkimlərə ixtisasından və vəzifəsindən asılı olaraq vəzifə tarif maaşı, həmçinin sabit aylıq həvəsləndirici əlavələr ödənilməkdədir:
"Bu, o deməkdir ki, pasiyent sayından asılı olmayaraq, gündəlik iş saatının sonuna qədər növbə gözləyən pasiyentlərin qəbul edilməsi həkimin vəzifə borcudur. Onu da nəzərə çatdıraq ki, təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə, şəhid ailə üzvləri və müharibə iştirakçılarına TƏBİB-in tabeliyindəki tibb müəssisələrində növbədənkənar tibbi xidmətlər göstərilməkdədir”.
Qeyd edək ki, xəstəxanalarda limitin tətbiq edilməsi bundan əvvəl də qalmaqala səbəb olmuşdu. Belə ki, bir müddət əvvəl “Yeni Klinika”da onlayn növbəyə yazılan vətəndaşla həkim arasında mübahisə yaranıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, vətəndaş növbəyə yazılsa da, həkim gündəlik 30-35 xəstə limiti olduğunu bildirərək onu qəbul etməyib. Bu isə vətəndaşın narazılığına səbəb olub. “Yeni Klinika”nın mətbuat xidmətindən isə bildirilib ki, dövlət xəstəxanasında bir həkimin xəstəni müayinə etməsi limitlədir:
“Bundan artıq olması həm də xəstə üçün zərərlidir. Çünki bu qədər xəstəni qəbul edən həkimin artıq keyfiyyət göstəriciləri aşağı ola bilər. Bu, qayda ilə tənzimlənir. Həmin xanım isə məhz bu həkimə müayinə olunmaq istəyib. Təkrar qeyd edirəm, onlayn növbə xidmət üçün keçərlidir. Məsələn, travmatoloq xidmətini seçirsiniz, artıq xəstəxanada hansı həkimin növbəsidirsə, ona yaxınlaşırsınız”.
Ümumiyyətlə, gün ərzində həkim neçə xəstə qəbul edə bilər?
Zülfüqar Yusifov
İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:
“Bununla bağlı dünya ölkələrində yanaşma fərqlidir. Əvvəlcə ondan başlamaq istəyirəm ki, həkim iş saatında vəzifə borcunu tam yerinə yetirməlidir. Həmin saatlar ərzində qəbula gələn xəstələr müayinə olunmalıdır, onlara tibbi yardım göstərilməlidir. Bu, işin birinci tərəfidir. Amma həkimin gündəlik neçə xəstə qəbul etmək məsələsi isə bir qədər araşdırılması lazım olan sualdır. Çünki müxtəlif ixtisas sahibi həkimlərin xəstələrə ayıracağı vaxt ayrı-ayrıdır. Eyni ixtisas sahiblərinin belə, gəlmiş pasiyentin vəziyyətinin ağırlığına görə ona ayrılmış vaxt da müxtəlif ola bilər. Amma ümumilikdə bu vaxt 15 dəqiqə ilə 1 saat arasında variasiya edir. Əlbəttə, sığorta çalışmağa başladığından artıq insanların həkimə müraciət sayı ciddi şəkildə artmaqdadır. Bu artımın daha da çoxalacağı gözlənilir. İstər qonşu ölkə Türkiyədə, istərsə də ABŞ, Avropa ölkələri olsun, orada həkim qəbuluna düşmək üçün aylarla növbənin olduğunu eşidirik. Bəzi insanlar hətta növbələri gözləmək üçün 2-3 ay növbə gözləməli olurlar. Misal üçün, Kanadada həkimin saat 3-ə qədər çalışdığı bildirilir, həmin müddətdə yalnız 5-6 xəstəyə baxmaq imkanı olur. Türkiyədə sığorta ilə çalışdığından klinikalar bəzən çalışırlar ki, həkim mümkün qədər çox çalışsın. Bəzən yüzə qədər xəstəyə baxmaq kimi məlumatlar da eşidirik. Məsələ nə qədər çox xəstəyə baxmaq deyil, xəstələrə baxışın keyfiyyətli şəkildə həyata keçirilməsi lazımdır. Əgər biz saat 9-dan 3 qədər işlədiyimiz 6 saatda həkimin normal xəstə müayinəsi 10-15 pasiyent olmalıdır. 20-dən yuxarı xəstə olarsa, artıq xəstəyə diqqətin, ona qoyulan diaqnozun, müalicənin yaxşı olacağından danışmaq doğru olmaz. Təbii ki, bu say 30-40-ı keçərsə, onda bu işin keyfiyyətinin aşağı düşməsi deməkdir. Bu da səhiyyəmiz üçün başqa bir problem şəklində geri dönə bilər. Fikrimcə, həkim sayının artırılmasına ehtiyac var, həm də vətəndaşların maariflənməsinə ehtiyac var, növbə mədəniyyətinə diqqət etsinlər”.
Rəşad Sultan
Həkim-ginekoloq Rəşad Sultan da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Bir gündə 30 xəstəyə baxılması çox böyük yükdür. Mən bu suala cavab kimi həkimlərin hüquqları baxımından deyil, xəstələrin hüququ baxımından cavab verəcəyəm. 30-cu xəstə kim olmaq istəyər, həkim niyə yorğunluqla ona baxmalıdır. Bu əslində pasiyentlərin hüquqlarının pozulmasıdır. O müayinənin nə keyfiyyəti olacaq?! O xəstəyə həkim nə qədər vaxt ayıracaq, incəlikləri gözdən qaçıracaqmı? Ona görə bir limit mütləq olmalıdır. Həkimin qəbuluna əvvəldən yazılmaq, randevu almaq lazımdır. Təcili xəstə, planlı müayinə anlayışları var. Bunlar günlərə bölünməlidir. Azərbaycanda həkim tələb olunandan daha çoxdur. Azərbaycanda həkim problemi yoxdur. Bu problem Türkiyədə, Avropada var, amma Azərbaycanda hamıya çatacaq qədər həkim var. Deməli, problem bölgüdədir, qeydiyyat sistemindədir. Limit olmalıdır. ABŞ-da həkim gün ərzində çox xəstəyə baxanda buna insan hüquqlarının pozulması kimi baxırlar".