"Azərbaycanda həkimlərin "Azitromisin" təyin etməsi ayıbdır"- Tanınmış pulmonoloq

  • 2020.09.21 17:03
  • 3513 Baxış
"Azərbaycanda həkimlərin "Azitromisin" təyin etməsi ayıbdır" - Tanınmış pulmonoloq

Tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov koronavirusla mübarizə aparmağın və qalib gəlməyin real yollarını açıqlayıb.

Medicina.az publika.az-a istinadən xəbər verir ki, professor vaksin olmadan koronavirusa qalib gəlməyin mümkün olmayacağını bildirib.


"COVID-19-un hələlik vaksini yoxdur, tapılarsa əhaliyə mütləq tətbiq edilməlidir. Çünki onun zərərləri digər infeksiyalarla müqayisədə qat-qat çoxdur. Ən azı risk qrupunda olan insanların hamısı mövsümi qripə qarşı peyvənd olunmalıdır. Bu peyvəndi oktyabrın əvvəli, noyabrın sonuna qədər vurdurmaq olar. Koronavirus infeksiyası şiddətlənsə belə, qrip peyvəndi sayəsində onu azdırmaq mümkündür. Artıq bədənin müəyyən müdafiəsi olduğu üçün virusun qarşısının alınmasında təsirli ola bilər, yoluxsaq belə, ölümcül olmayacaq. Bunu tam əminliklə deyirəm. Qripə qarşı vaksin COVID-19-un ölümcül faktorunun qarşısını alacaq. Odur ki, qrip vaksinlərinin vurulmasını təbliğ etmək və buna çalışmaq lazımdır.

İngiltərədə risk qrupuna daxil olan insanlar - xroniki xəstəliyi olanlar, hamilə qadınlar, xərçəng patologiyası olan onkoloji xəstələrin hamısına mövsümi qripə qarşı qrip vaksini vurulub ki, ölüm faktı olmasın. Sadəcə koronavirusun deyil, qripin də üzərinə getmək lazımdır. Qrip də az ölümcül deyil.


Koronavirusun müalicəsində yeni effektiv preparatlar çıxdıqca köhnələr kənara qoyulur.


Çox təəssüf ki, Azərbaycan həkimləri hələ də "Azitromisin" istifadə edir. Ən azından ayıbdır. Dünya bundan altı ay əvvəl imtina edib, niyə Azərbaycan həkimləri köhnə iynələrə sadiq qalır? Niyə yeni protokol tətbiq olunmur? Xəstəliyin müalicəsində iki dərman öz təsdiqini tapıb, bunlardan biri "Remdesivir"dir və kifayət qədər yüksək effektə malikdir. Tənəffüs çatışmazlığı olan ağır xəstələrdə istifadə edilən digər dərman "Deksametazon"dur. Tam əminliklə demək olar ki, bu iki dərmanın təsiri böyükdür. Digər dərmanların effektivliyi hələ ki, sübut olunmayıb. Yeni dərman vasitəsinin effektivliyi sübut olunarsa, sənədlərdə qeyd olunacaq.