Azərbaycanda hər 5 nəfərdən birinin ürəyində stent var- AÇIQLAMA

  • 2023.12.18 15:18
  • 1303 Baxış
Azərbaycanda hər 5 nəfərdən birinin ürəyində stent var - AÇIQLAMA


Aparılan araşdırmalar göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. Ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə, ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir.
.

"Medicina" xəbər verir ki, dietooloq və həkimlər “Kaspi” qəzetinə mövzu ilə bağlı bunları deyib:


Həkim-kardioloq Nabil Seyidov:


Vaxtından əvvəl infarkt və insultlarda fəsadların qarşısını almaq mümkündür. Son 50 ildə ürək-damar xəstəliklərinin öyrənilməsi, əldə edilən nailiyyətlər nəticəsində mövcud resurslar, alətlər və müdaxilə imkanları var. Amma bir çox icmalarda diaqnostika, profilaktika və müxtəlif vasitələrə çıxışın məhdud olması ürək-damar xəstəliklərinin müalicəsində irəliləyişlərin əldə olunmasına imkan vermir. Bu xəstəlik səbəbindən baş verən hər beş ölümdən dördü aşağı və orta gəlirli ölkələrdə yaşanır. Yüksək gəlirli ölkələrdə ürək-damar sağlamlığında irəliləyiş getdikcə artır. Tütün və alkoqollu içkilərdən istifadənin daha çox yayılması, daha çox duz istehlakı, habelə havanın çirklənməsi, fiziki aktivliyin azalması ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarını artırmış olur”.

N.Seyidovun sözlərinə görə, artan sübutlar göstərir ki, gənc insanlarda artan ürək xəstəliyinin səbəbi pisləşən həyat tərzi vərdişləri, yəni qeyri-sağlam pəhriz və fiziki aktivliyin olmamasıdır:

"Bəzi araşdırmalar göstərir ki, COVID-19 infeksiyası son bir neçə ildə əlavə təhrikedici faktora çevrilib. Bəlkə də ən narahatedici tendensiya odur ki, yaşlı insanlar arasında ölüm hallarının azalmasına baxmayaraq, gənclər arasında infarkt bütün dünyada artmaqdadır. Həm Azərbaycanda, həm də dünyanın bütün yerlərində kardioloqlar və ictimai səhiyyə mütəxəssisləri bunu əhali sağlamlığı üçün təcili vəziyyət hesab edir. Gənc yaşlı şəxslər 20-50 yaş arasında olanlardır və hər bir ölkənin sosial, iqtisadi və digər aspektlərdən ən məhsuldar əhali qrupudur. Bu səbəbdən, həmin yaşdakı şəxslərin xəstələnməsi və ölümü həm dərhal, həm də orta və uzunmüddətli vədədə ölkələr üçün ciddi problemlərə gətirib çıxaracaq”.


Həkim ürək dayanmasına kardiomiopatiya (qalınlaşmış ürək əzələsi), ürək çatışmazlığı, aritmiya (qeyri-müntəzəm ürək döyüntüsü) və miokard infarktı kimi bir neçə vəziyyətin səbəb olduğunu deyir:

"Araşdırmalar göstərir ki, miokard infarktı halları gənclərdə artmaqdadır. ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, infarkt diaqnozu qoyulmuş hər 5 nəfərdən birinin yaşı 40 və daha aşağıdır. Ən təhlükəli tendensiya isə bu rəqəmin hər il 2% artmasıdır. 2019-cu ildə “American Journal of Medicine”-də nəşr olunan araşdırmadan bəlli oldu ki, 40 və daha gənc yaşda infarkt keçirmiş şəxslərin sonralar infarkt, insult və digər səbəblərdən ölmə ehtimalı yaşlı insanlarda olduğu qədərdir. Problem yalnız inkişaf etmiş ölkələrdə deyil, orta və yüksək-orta gəlirli ölkələrdə də artmaqdadır. Araşdırmalar göstərir ki, Azərbaycanda, Rusiyada, Pakistan və Hindistanda insanlar gənc yaşlarda infarkt keçirirlər. Bu oxşar mənzərənin arxasında duran səbəblər isə risk faktorlarının, bəşəriyyətin həyat tərzinin, ətraf mühitin çirklənməsinin dünyanın bütün guşələrdə eyni olmasıdır. Ürək infarktı adətən kişilərdə daha çox baş verir. Lakin son araşdırmalar gənc yaşlı kişilərə nisbətdə, daha çox gənc qadının infarkt keçirdiyini və onların klinik nəticələrinin daha pis olduğunu göstərir. Son 10-15 ildə infarkt səbəbi ilə ABŞ-də hospitalizasiya olunan şəxslər arasında qadınların payı əhəmiyyətli dərəcədə artıb".




Qida eksperti Fərid Səfərov vurğulayıb ki, hazırda hər beş nəfərdən biri stent daşıyıcısıdır:


“Ürək xəstəliklərinin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır. Sağlam ürəyə sahib olmaq üçün zeytun yağı, balıq, qoz, badam, fındıq, alma, sarımsaq, pomidor, lobya, noxud, mərci, ispanaq, yaşıl çayı qida rasionunuza mütləq daxil edin. Eyni zamanda, balanslı qidalanmaq, fiziki aktivlik lazımdır”.