Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ilk - İnteqrativ tibb və müalicə üzrə Beynəlxalq Simpozium

  • 2024.04.23 16:24
  • 1294 Baxış
Azərbaycanda ilk   - İnteqrativ tibb və müalicə üzrə Beynəlxalq Simpozium
Bakıda daha bir beynəlxaq tədbir uğurla başa çatdı.

"Medicina" xəbər verir ki, aprelin 20-də “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı, “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”, “Afgen Genetik Diaqnoz Mərkəzi” və “Planeta” Apteklər Şəbəkəsinin sponsorluğu ilə JW Absheron Marriott Otelində “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” adlı I Beynəlxalq Elmi-Praktiki Simpozium keçirilmişdir. Simpoziumun tərəfdaşı qismində isə “Azərbaycan Pediatrlar Assosiasiyası” iştirak edirdi.


Ölkə miqyasında seminar, tədbir və konfranslar keçirilməsində müəyyən təcrübəsi olan “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təşkiatçılığı ilə bu dəfəki simpoziumda da 350-dən çox elmi işçi, həkim və səhiyyə idarəçisi bir araya toplanmışdı.



Növbəti illərdə də keçirilməsi planlaşdırılan Beynəlxalq Simpozium Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə start verib. Daha sonra 44 günlük Vətən Müharibəsi Şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə isə “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təsisçisi, Elxan Ənvər oğlu Yaqubov çıxış edib.



E. Yaqubov simpozium iştirakçıları və mühazirəçiləri salamlayandan sonra təşkilatçı olan Mərkəzin və İnteqrativ tibbin ölkəmizdəki inkişaf mərhələlərindən bəhs edib. Bildirib ki, indiyə qədər keçirilən seminar, təbdir və konfranslarda 6000-dən çox həkim İteqrativ Tibbin müalicə metodları barədə nəzəri biliklərə yiyələnib. Bu təlimlərdən yararlanan həkimlərin səyi nəticəsində xroniki və autoimmun xəstəliklərin uzunmüddətli və qalıcı effektləri ölkə vətəndaşlarının sağlamlığına müsbət təsir göstərib. Bu da İnteqrativ Tibbin ölkə səhiyyəsinə verdiyi töhfədir.

Daha sonra söz mühazirəçilərə verilib. Türkiyə, İsveçrə və İtaliyanın tanınmış həkim və İnteqrativ Tibb üzrə ekspertlərinin, həmçinin, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin professor və həkimlərinin maraqlı mühazirələri bir-birini əvəz edib.

Öncə t.e.d. Prof. Fikriyyə İbrahimli “Xroniki xəstəliklərin müalicəsində yeni imkanlar” mövzusundakı mühazirəsini simpozium iştirakçılarına təqdim edib. Daha sonra İsveçrənin Sonnenberq Biomed mərkəzinin təsisçisi və baş həkimi, Dr.med. Thomas Rau “Bioloji Təbabət paradiqması. Xroniki xəstəliklərin kompleks terapiyasında effektiv müalicəsi”, “Xəstəliklərin xronikləşməsində Leaky Gut (dəlikli bağırsaq) sindromunun rolu və effektiv müalicəsi” və “Degenerativ xəstəliklərin İnteqrativ Tibblə müalicəsi” ilə bağlı 3 müxtəlif mövzuda mühazirə söyləyib.


Simpoziuma dəvət olunanlar T. Raunun mühazirəsi sayəsində sözü gedən xəstəliklərin müalicəsinə müasir yanaşmalar haqda geniş informasiya əldə ediblər.


Daha sonra Türkiyədən dəvətli “Bütüncül Tıp Məktəbi”nin qurucusu və rəhbəri Dr. med. Murat Baş “Kronik hastalıklarda Bütüncül Yaklaşım. Kök etyopatogenez” mövzusundakı mühazirəsini iştirakçıların nəzərinə çatdırıb.


Növbəti mühazirəçi “GUNA Pharmaceuticals” şirkətinin Elmi direktoru Alessandro Perra “Xroniki dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində kiçikdozalı preparatların istifadəsi” mövzusu ilə çıxış edib. İtaliyanın tanınmış mütəxəssisinin elmi cəhətdən əsaslandırdığı fikirləri simpozium iştirakçılarının marağına səbəb olub.


Qeyd etdiyimiz kimi, simpoziumda əcnəbi mühazirəçilərlə yanaşı yerli həkimlərimiz də çıxış edirdi.Terapevt, İnteqrativ tibb üzrə ekspert Arzu Musayevanın “Şəkərli diabetin fəsadlarının müalicəsində yeni imkanlar” mövzusundakı mühazirəsi informasiya baxımından zənginliyi ilə fərqlənirdi.



Həkim-qastroenteroloq, İnteqrativ tibb üzrə ekspert Arzu Quliyevanın mühazirəsi isə “Bağırsağın iltihabı xəstəliklərinin müalicəsində yeni imkanlar” mövzusuna həsr olunmuşdu. A.Quliyevanın İnteqrativ Tibb metodları ilə müalicəsi sayəsində sağlamlıqlarına qovuşan onlarla yerli və xarici pasientin uğurlu nəticələrinin video görüntüləri də simpozium iştirakçılarına təqdim olunub.





Sonda simpozium iştirakçıların xatirə fotosu ilə öz işinə yekun vurub.