Azərbaycanda körpələrin 10 faizi vaxtından əvvəl doğulur

  • 2017.11.17 15:03
  • 17541 Baxış
Azərbaycanda körpələrin 10 faizi vaxtından əvvəl doğulur
Hər il Azərbaycanda təxminən 150 min körpə doğulur. Onların 8-10 faizi vaxtından əvvəl doğulan körpələr olur.

 

Medicina.az trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov deyib.


Onun sözlərinə görə, bu gün Azərbaycanda ekstremal - 500 qram – 1 kiloqram çəki ilə doğulan uşaqların 50 faizindən çoxu sağ qalır: "Azərbaycanda uşaqların vaxtından əvvəl doğulması ilə bağlı problemlər həll olunur. Ölkədə belə uşaqların sağ qalma faizi ildən-ilə yüksəlir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 75-85 fazidir. Biz də inkişaf etmiş dövlətlərdə olduğu kimi bu rəqəmə çatdırmaq istəyirik. Biz bu hədəfə nail ola bilərik".


R.Hüseynov əlavə edib ki, vaxtından əvvəl doğulan uşaqların beynəlxalq günü 2009-cu ildə ilk dəfə Vyana şəhərində qeyd olunub. Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu uşaqlara cəlb etməkdir.


R.Hüseynov qeyd edib ki, uşaqların vaxtından əvvəl doğulması bütün dünyada rast gəlinən problemdir: "Dünyada hər il 15 milyon uşaq vaxtından əvvəl doğulur. Təəssüf ki, onların bir milyonu dünyaya gəldikləri ilk gündə ölürlər".