Azərbaycanda pomidorlarda virus yayılır?

  • 2021.08.06 15:33
  • 1986 Baxış
Azərbaycanda pomidorlarda virus yayılır?

Pepino mozaik virusuna yoluxmuş bitkilərin yarpaqları, kökləri və meyvələri yüksək konsentrasiyada virus daşıya bilər.

Medicina.az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin virusun yayılma yolları barədə təqdim etdiyi məlumatda qeyd olunub.

Bildirilib ki, virus olduqca stabildir və fərqli şəraitdə uzun müddət yoluxma qabiliyyətini qoruyub saxlaya bilir. Quru bitki materialında üç ay qala bilir. Köklərdən çıxan virus hissəciklərinin torpağa və ya drenaj suyuna qarışması ehtimalı yüksəkdir. Virus geyimdə ən azı 14 gün yoluxuculuq qabiliyyətini saxlayır.

Daha çox pomidorda rast gəlinməsi və simptomların kəskin nəzərə çarpması ilə əlaqədar hazırda virusun əsas sahib bitkisi pomidor hesab edilir. Lakin badımcan və adi reyhan bitkilərində də virusun əlamətləri müşahidə edilir. Bununla yanaşı, son illərdə, xüsusən, Avropada virusun yayılma arealı genişləndikcə sahib bitkilərin də sayı artır. Bibər, sarımsaq və lobya bitkiləri mexaniki sirayətlənsə də, onlar virusun əsas sirayətlənən bitkisi hesab edilmir.

Virus sirayətlənmiş bitkidən sağlam bitkiyə mexaniki və təmas yolu ilə yayıldığından şitil təsərrüfatında əhəmiyyətli itkilərə səbəb olur. Simptomlar hər zaman aydın nəzərə çarpmadığından, virusun tez və gizli şəkildə yayılma təhlükəsi var. Virusun bitkilərin meyvələrində yaratdığı simptomlar səbəbindən məhsul istehlak dəyərini itirir.