Azərbaycanda qıza elçi gəlir, şəkər xəstəsi olduğunu gizlədirlər - Tanınmış endokrinoloq

  • 2021.12.24 14:36
  • 3619 Baxış
 Azərbaycanda qıza elçi gəlir, şəkər xəstəsi olduğunu gizlədirlər -  Tanınmış endokrinoloq
Azərbaycanda da, rəsmi məlumatlara görə, 300 minə yaxın qeydiyyatdan keçmiş şəkərli diabet xəstəsi var və son illər bu xəstələrin sayı 5-6 faiz artıb.

Bu artımın əsas səbəbi stress göstərilir. Eləcə də, son dövrlər uşaqlar arasında da şəkərli diabetin çoxalması faktları daha çox narahatlığa səbəb olub. Bunun səbəbləri nədir, qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssisi, endokrinoloq Babək Saleh yeni musavata açıqlamasında şəkərli diabet xəstələrinin sayının artacağını deyib: “Pandemiyanı nəzərə alsaq, COVİD-in fəsadlarını, COVİD-in müalicəsində “Deksametazon”un istifadəsini - bunların hamısını nəzərə alsaq, xəstələrin sayı 700-800 milyona yaxın olacaq.

Hipodinamiya, “fast food”lar, düzgün qidalanmamaq, tütündən istifadə, alkoqol içkilər, stress, pəhriz saxlamamaq bu xəstəliyin artmasına səbəb olur.

Bundan əlavə, xəstəlik zamanı insanların qidalanmasının böyük rolu var. Eyni zamanda, əsəbi olmağın rolu var. Əvvəllər diabet xəstəsi olan on iki-on üç yaşında qızlarda həddi buluğa çatana qədər reproduktiv orqanlarda dəyişiklik olurdu. Oğlan uşaqlarında spermatoqonilər pozulurdu, impotensiya yaranırdı. Yəni gənclər ailə qura bilmirdilər. Ailə qura bilmədikləri halda, onların övladları olmurdu. İndi isə şəkərli diabet xəstəliyi olanlar çox yaşayırlar. Normal həyat sürürlər. Evlənirlər, övladları dünyaya gəlir”.

Endokrinoloqa görə, ölkəmizdə xeyli uşaq var ki, şəkərli diabetlə həyatlarını davam etdirirlər:

“Şəkərli diabeti olan gənclər bir-birilə ailə qururlar. Əgər anada şəkərli diabet varsa, uşaqlarda bu xəstəliyə meyllilik 20-30 faiz olur. Əgər atada şəkərli diabet varsa, bu faiz bir az da çox olur – 40-45 faiz. Əgər həm ata, həm ana xəstədirsə, artıq 50-60 faiz onların övladında şəkərli diabetin olması mümkündür.

Daha bir vacib məqam, hazırda hər iki nəfərdən biri şəkərli diabet olursa, bundan özünün xəbəri olmur. Bu narahatedici məqamdır.
Əvvəllər insanlarda şəkərli diabet olanda, gizlədirdilər. Məsələn, ailə qurmaq istəyənlər, ərə gedən qızlar bunu açıqlamırlar. Hətta bu gün də qıza elçi gəlir, valideynləri şəkərli diabet olduğunu bildirmir. Bu düzgün deyil, şəkərli diabet SPİD, siflis kimi biabırçı xəstəlik deyil.


Uşaqda şəkərli diabet varsa, məktəbdə də, universitetdə də bu barədə bildirilməlidir. Məlumatlı olmalıdırlar. Niyə? Birdən uşaq evdə insulin vurub universitetdə, yaxud məktəbdə qaçar, tərli olar, ona soyuq tər gələ və huşunu itirə bilər. Əgər müəllim bilsə ki, uşaqda şəkərli diabet var, uşağa şirin çay verməklə vəziyyətdən çıxara bilər. Amma heç kimin xəbəri olmayanda təcili yardım çağırırlar. Orda da normal həkim olmasa, vəziyyəti anlamasa, bu zaman insulin vursa ,uşağın vəziyyəti bir az da ağırlaşa bilər. Maarifləndirmənin bu məsələdə böyük rolu var”.