Azərbaycanda son 3 ildə neçə uşaq övladlığa verilib?

  • 10 İyn 2022 15:11
  • 597 Baxış
 Azərbaycanda son 3 ildə neçə uşaq     övladlığa verilib?


Son illər aparılan sosial islahatların bir istiqaməti olaraq reabilitasiya yönümlü sosial xidmət layihələrinin sayı və əhatə dairəsi də dəfələrlə genişlənib və bu proses qarşıdakı dövrdə də davam edəcək.


Medicina.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmətlər sahəsində görülən işlər və qarşıda duran hədəflərin müzakirəsinə həsr olunmuş iclasda bildirilib.


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmətlər sisteminin həssas əhali qruplarının həyatında təsirli rola malik olaraq müsbət dönüş yarada bilən bir səviyyədə təşkil olunmasının bu sahədə əsas prioritet olduğunu vurğulayıb.

Son illərdə həm bu xidmətlərin əhatə etdiyi kateqoriyaların sırasının, həm də sosial xidmətlər çərçivəsində həssas qruplara onların ehtiyaclarına uyğun yeni layihələr üzrə dəstək mexanizmlərinin genişləndiyi qeyd edilib.

İclasda Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin fəaliyyət sahələrinə dair təqdimatlar edilib. Şəhid ailələri və qazilərlə bağlı görülən dəstək tədbirləri diqqətə çatdırılıb.

Keçən il 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi proqramı icra olunub. 44 günlük Vətən müharibəsindən sonra 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə minik avtomobili verilib. Postmüharibə dövründə bu kateqoriyalardan olanlardan ibarət 5 min şəxsə sosial-psixoloji dəstək də göstərilib.

Son bir ildə şəhid ailəsinin üzvləri, müharibə əlilləri və b. həssas qruplardan olan 4500-ədək şəxsə sanatoriya-kurort müalicəsi məqsədilə yollayışlar verildiyi, hazırda 4600 tənha və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, DOST Mərkəzləri tərəfindən də 839 vətəndaşın evdə (səyyar) həmin xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb.

Övladlığagötürmə üzrə idarəetmənin Nazirlik tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu il tarixindən 248 uşağın övladlığa verildiyi bildirilib.

İclasda sosial sifarişlər əsasında icra olunan layihələr, həmçinin sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına yönələn layihələr, sosial xidmət müəssisələrinin fəaliyyəti, əlilliyi olan şəxslərin yaradıcı potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması işləri, sosial xidmətlər sahəsində rəqəmsal infratsrukturun geniş tətbiqi, şəffaf və çevik xidmətlər sisteminin qurulması və s. istiqamətlərdə görülən işlərdən də bəhs olunub. Sosial xidmətlər sahəsində görülən işlər və qarşıda duran hədəflər müzakirə edilib.