Azərbaycanda təcili yardım xidmətinin təkmilləşdirilməsi üçün plan hazırlanır - ÜST Bakı

  • 18 Noy 2021 17:43
  • 241 Baxış
Azərbaycanda təcili yardım xidmətinin təkmilləşdirilməsi üçün plan hazırlanır -  ÜST Bakı
“Təcili və təxirəsalınmaz xidmətlər bizim üçün vacib məsələlərdən biridir. Sentyabrda Türkiyə Səhiyyə Nazirliyindən bir qrup gəlib. Xüsusilə Türkiyə Səhiyyə Nazirliyi ilə “Turkish Council” çərçivəsində birlikdə çalışmaq üçün araşdırma apardıq. İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının təcili vəziyyətlərlə əlaqədar regional ofisi var. Oradan da nümayəndələr gəlmişdi. Sentyabr ayındakı missiya həm TƏBİB, həm də Səhiyyə Nazirliyi ilə birgə qərar qəbul edib. Qərara əsasən, təcili yardım xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar birgə çalışacağıq və iş planı hazırlayacağıq”.


Medicina.az xəbər verir ki, bunu “Təcili yardım xidmətləri: Türkiyə təcrübəsi Azərbaycanda necə faydalı ola bilər?” mövzusunda keçirilən mini-simpoziumda Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

O, qeyd edib ki, bugünkü simpoziumda Türkiyədən gələn ekspertlər öz təcrübələrini bölüşəcəklər: “Bunu edərkən də bu təcrübədən Azərbaycanın necə faydalanağına dair açıqlamalar verəcəklər. Təbii ki, bir ölkədə olan modeli tam olaraq başqa bir ölkədə tətbiq etmək mümkün deyil. Hər ölkənin öz şərtləri, infrastrukturu, insan gücü var.

Ehtiyacları, coğrafi quruluşu fərqli ola bilər. Bu səbəbdən də Türkiyə təcrübəsi sadəcə bir model, misal kimi nümayiş etdirilə bilər. Türkiyədən gələn ekspertlər bu həftə müxtəlif yerlərə gedəcəklər. Artıq onlar Azərbaycan Tibb Universitetinin, eyni zamanda Kliniki Tibbi Mərkəzin təmir olunan Təcili Tibbi Yardım şöbələrinə, 103 - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gediblər.

TƏBİB və Səhiyyə Nazirliyi ilə aparılan görüşlərdə Sumqayıt Xəstəxanası bu işlərin başlaması üçün pilot olaraq seçilib, hazırda orada işlərə başlanılıb. Xüsusilə iş görüləcək yerlər xəstəxanadan əvvəlki təcili tibbi yardım və xəstəxana içərisindəki təcili tibbi yardım xidmətlərinin gücləndirilməsi ilə əlaqəli olacaq. Həmin yerlərdə yeni heyətin təsis edilməsi ilə əlaqədar işlər də var. Bu səbəbdən Azərbaycan Tibb Universiteti və tibb kollecləri ilə işləmək də çox vacibdir. Azərbaycan prioritet seçdiyi məsələlərdə infrastrukturu sürətli şəkildə gücləndirə, lazım olan avadanlıqları da operativ şəkildə təmin edə bilir. Bizim burda görməli olduğumuz iş yaradılan infrastrukturda insanların daha sürətli şəkildə işləməyinə kömək etməkdir. Ona görə həmin yerlərdə sistemin qurulması və orada çalışacaq insanların bilgilərinin artırılması ilə bağlı işləri daha da gücləndirəcəyik”.