"Azərbaycanda yaxşı cərrah problemi yox, yaxşı pasiyent problemi var" - Müsahibə-VİDEO

  • 2026.03.31 12:40
  • 123 Baxış
"Azərbaycanda yaxşı cərrah problemi yox, yaxşı pasiyent problemi var" -  Müsahibə-VİDEO

Son illər estetik və bariatrik əməliyyatlardan sonra yaranan narazılıqlar, sosial şəbəkələrdə artan şikayətlər bir sualı aktuallaşdırır: problem həqiqətən cərrahlardadır, yoxsa pasiyentlərdə?

Medicina.az xəbər verir ki, Bakupost TV-də yayımlanan podkastın növbəti buraxılışında ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent Səkinə Xudiyeva bu məsələlərə aydınlıq gətirib.

Həkimin sözlərinə görə, istənilən əməliyyat orqanizm üçün ciddi müdaxilədir və bu proses yalnız cərrahın peşəkarlığı ilə məhdudlaşmır:

“Hər bir əməliyyat – istər kiçik, istər böyük – orqanizm üçün riskdir, stressdir. Onun 100% uğurlu olması hər zaman cərrahdan asılı deyil.”

Səkinə Xudiyeva vurğulayır ki, xüsusilə bədən şəkilləndirmə və estetik əməliyyatlarda nəticənin böyük hissəsi pasiyentin üzərinə düşür:

“Bədən şəkilləndirmədə nəticə 50% pasiyentdən asılıdır.”

Onun sözlərinə görə, əməliyyatdan əvvəl düzgün hazırlıq, həkim seçimi və ən əsası, əməliyyatdan sonrakı qaydalara riayət edilməməsi bir çox hallarda narazılıqların əsas səbəbinə çevrilir.

Həkim qeyd edir ki, son dövrlər mədəkiçiltmə, bədən və üz əməliyyatlarından aylar, hətta illər sonra yaranan diskomfortlarla bağlı şikayətlərin artması da məhz bu amillərlə bağlıdır.

Səkinə Xudiyeva hesab edir ki, cəmiyyətdə “yaxşı cərrah tapmaq” problemi qədər, hətta ondan daha çox “doğru pasiyent davranışı” problemi mövcuddur:

“Azərbaycanda yaxşı cərrah problemi yoxdur, yaxşı pasiyent problemi var”.

Podkastda həmçinin peşəkar cərrah seçimi, əməliyyata hazırlıq, postoperativ dövrdə qulluq qaydaları və pasiyent-cərrah münasibətlərinin incə məqamları müzakirə olunub.

Ətraflı videomüsahibəni təqdim edirik: