Tanınmış LOR cərrah, səs aliminin ad günü – “Mən bu sahənin ən çətin yolunu seçdim”

  • 2023.05.03 13:35
  • 3398 Baxış
Tanınmış LOR cərrah, səs aliminin ad günü   – “Mən bu sahənin ən çətin yolunu seçdim”
Bu gün Avropa Foniatrlar İttifaqı, Avropa Larinqologiya Cəmiyyəti, The Voice Foundation və Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin üzvü, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin Baş katibi, Ə.Əliyev adına ADHTİ Qulaq-burun-boğaz xəstəlikləri kafedrasının dosenti, həmin kafedrada «Səs laboratoriyası» və LOR Hospitalda yerləşən «VoiceDr clinic» rəhbəri Ramil Həşimlinin 45 yaşı tamam oldu.


Medicina.az xəbər verir ki, Ramil Həşimlinin əsas elmi-tibbi fəaliyyəti qırtlağın kəskin, xroniki xəstəlikləri, səs professionallarında rast gəlinən xəstəliklərin etiopatogenezi, müasir müayinə və müalicə üsullarının araşdırılmasına həsr olunub.


O, 2012-ci ildə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olub.

Dosent həkim hazırda doktorluq dissertasiyası üzərində çalışır.

Azərbaycanlı alimlər qrupu ilə birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir.

Ramil Həşimli Dünya Səs Gününü Azərbaycanda yüksək səviyyədə təşkil etmiş, Avropa və Amerika, Yaxın Şərq üzrə həkim və alimləri Azərbaycana dəvət edərək, əməkdaşlıq əlaqələri qurub.


45 illik həyat fəaliyyəti ilə bağlı saytımıza açıqlamasında həkim bu illər ərzində nələr qazandığını və gələcəyə arzularını bildirdi.


“Dönüb 45 ilə baxanda, nə edə bildim, bundan sonra nələr edə bilərəm deyə çox düşündüm. Allah çox şeylər nəsib etdi.

Mən təhsilimi başa vurub, Azərbaycana qayıdanda, hədəfim burda o zaman üçün tənəzzülə uğramız foniatriya məktəbini yenidən qurmaq idi. Qərara aldım ki, boş olan, diqqətdən kənarda qalan vacib bir sahənin yolunu tutacam. Azərbaycanda o ərəfədə hər kəs plastik cərrahiyyəyə, konkret olaraq rinoplastikaya üz tuturdu, həm tələbat, həm qazanca görə bu əməlyyat öndə idi.

Mən buna qaçmadım, yəni rinoplastika etmədim. Ona görə bəlkə də çox şeylər çətinliklə başa gəldi. Amma peşman deyiləm.

Bu illər ərzində ağır tənəffüs yolları xəstələri, kiçik körpələr, səs problemi olanlar – yüzlərlə xəstənin cərrahı, həkimi oldum. Elə olub ki, 30-35 günlük körpələri əməliyyat etmişəm.

Mən əmin idim ki, bu cığırda arxamca gələcək 2-3 mütəxəssisi tapacam. Belə də oldu.

2 gün əvvəl Avropada konqresindən qayıtdım. Vaxtilə bu sahə üzrə beynəlxalq konqreslərə tək gedərdim, amma bu dəfə Azərbaycandan 5 həkim çıxış etdi. Təkcə Azərbaycan deyildi, eyni zamanda Orta Asiya dövlətlərindən də həkimləri cəlb etmiş, bir Türk dövlətləri foniatriya qrupu qura bilmişik ki, onlar da bu konqresdə layiqincə təmsil olundular.

Şükürlər olsun ki, Allah açdığı bu cığırı ot örtmədi, ordan addımlayan gənclərimiz var!

Həm Azərbaycan, həm də Türk dünyası qulaq,burun, boğaz həkimlərini bir araya gətirmək üçün çox əmək sərf etdim və şükürlər olsun bu gün həm Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti, həm də Türk dövlətləri LOR həkimlərinin bir çətir altında toplaşdıqları “Mərkəzi və Qərbi Asiya qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi birliyi” qurulub və öz işlərini maksimal sürətlə davam etdirirlər.

Ad günümü təbrik edən bütün həmkarlarıma, kollektivimizə təşəkkür edirəm.

Və bir insan kimi ikinci böyük uğurum, qazancım təbii ki, ailəm və uşaqlarımdır. Dünən qızımın yazdığı mesaj məni xoşbəxt etdi. Ən azından Vətənini, xalqını sevən, Vətəninə yararlı övladlar yetrişdirməyə çalışmışam.

Bilmirəm, həyatımın nə qədər hissəsini geridə qoydum, bəlkə yarısı, bəlkə daha çoxu. Bundan sonra da tutduğum yolda irəliləməyi özümə arzu edirəm”.

MEDİCİNA.AZ adından doktor Ramil Həşimlini ad günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı arzu edirik.

Aygün Musayeva