Bahar katarı xəstəliyi nədir? - Əlamətləri

  • 27 May 2022 16:59
  • 726 Baxış
Bahar katarı xəstəliyi nədir?  - Əlamətləri

Allergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma, göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivanın iltihabi reaksiyasıdır. Kliniki formalarından pollinoz, “Bahar katarı”, dərman allergiyası, xroniki allergik konyunktivit, atopik keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir. Pollinoz ağac, çiçək, bitki tozcuqlarına qarşı allergik reaksiya olaraq yaranır. Atopik keratokonyunktivit isə atopik dermatit, bronxial astma, allergik rinit şikayətləri olanlarda rast gəlinən haldır. İri papilyar konyunktivit adətən linza istifadə edənlərdə ortaya çıxır.


Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva “Həkim məsləhəti” rubrikasında yaz mövsümündə rast gəlinən “Bahar katarı (keratokonyunktivit) xəstəliyinin yaranma səbəbləri və müalicəsi” mövzusunda məlumat verib.


Bahar keratokonyunktiviti mövsümlə əlaqədar ortaya çıxan, hər iki gözdə müşahidə olunan allergik reaksiyadır. Xəstəlik uşaq və yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, daha çox yaz aylarında başlayıb payıza qədər davam edir. Pasiyentin 3-6 yaşlarında başlayan şikayətləri 20 yaşa qədər artıq yox olur. Nadir hallarda iyirmi yaşından sonra da davam edə bilər. Ailə anamnezində atopik xəstəlik olan şəxslərdə daha çox rast gəlinir.



Göz qaşıntısı ən əsas əlamətdir, bu şikayətə yanma, sulanma, gözdə “yad cisim” hissi, işığa həssaslıq və hətta blefarospazm (göz qapaqlarında spazm) əlavə olunur. Konyunktivada qızartı və ödem, üst qapaq konyunktivasında, limb ətrafında follikullar, papillalar inkişaf edir. Yan-yana düzülmüş bu follikullar çay daşlarını xatırladır. Hipertrofiya olunmuş papillalar qapağın cüzi ptozuna (sallanmasına) səbəb ola bilər. Spesifik əlamət sayılan iri follikullarda ağ infiltratlar da müşahidə oluna bilir. Xəstələrin 50%-ində buynuz qişa zədələnir. Bu zaman şikayətlərə batma, sulanma, işığa həssaslıq, gözdə “yad cisim“ hissi, ağrı əlavə olunur.



Yüngül klinika ilə keçən hallarda gözə soyuq kompress, günəşdən qorunma və simptomatik müalicə kifayət edir. Bu tədbirlər yetməzsə, xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin olunur. Xəstəlik xroniki olduğuna görə hormonal preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı və s. kimi ağırlaşmalar bu qrup preparatların istifadəsinə məhdudiyyət qoyur. Məhz buna görə, belə xroniki xəstəlikdən əziyyət çəkənlər hər bahardan əvvəl profilaktik müayinədən keçməli və lazımi tədbirlərə vaxtında başlamalıdırlar.