TƏBİB-in “Mentor klinika” layihəsi çərçivəsində Bakıda fəaliyyət göstərən 40-dan çox həkim bu ay növbəlilik əsasında Şamaxı rayonunda xidmət göstərəcək.
Medicina.az xəbər verir ki, regionlarda əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafın təşviqi, bölgə xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi və nəticə etibarilə Bakı şəhərinə olan pasiyent axınının azaldılması istiqamətində TƏBİB tərəfindən bu il də zəruri addımların atılması planlaşdırılır.
Ötən il icrasına başlanılan “Mentor klinika” layihəsi də bu məqsədə xidmət edir. Region əhalisinin ixtisaslaşdırılmış tibbi xidmətə çıxışının genişləndirilməsi, səhiyyə resurslarından səmərəli istifadənin təmin edilməsi və tibb müəssisələri arasında koordinasiyanın gücləndirilməsini nəzərdə tutan layihə 2026-cı ildə də davam etdiriləcək.
Layihə çərçivəsində bu ilin yanvar ayında Respublika Klinik Xəstəxanasının 40-dan çox həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərəcək.
Həkimlər tibb müəssisəsində kadr çatışmazlığı müşahidə olunan travmatoloq-ortoped, cərrah, neonatoloq, anestezioloq-reanimatoloq, şüa-diaqnostikası üzrə həkim, terapevt, mama-ginekoloq və d. ixtisasları əhatə edəcək.
Hər həftə təxminən 10 həkim öz ixtisası üzrə tibbi xidmət göstərəcək, bilik və bacarıqlarını bölgə xəstəxanalarında çalışan tibb personalı ilə bölüşəcək, xidmət keyfiyyətinin artırılmasına və region əhalisinin sağlamlığına töhfə verəcək.
Qeyd edək ki, “Mentor Klinika” layihəsinin icrasına ötən ilin iyun ayından başlanılıb. Layihə çərçivəsində 2025-ci ilin dekabr ayında Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında birgə əməkdaşlığa dair “Əməkdaşlıq Memorandumu” imzalanıb.
Bu sənədin imzalanması ilə Respublika Klinik Xəstəxanasının 60 həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəlilik əsasında 1 il ərzində fəaliyyət göstərməsi nəzərdə tutulub.
Pilot layihə çərçivəsində ezam olunan həkimlərin sosial rifahının və yaşayış yerinin təmin olunması nəzərdə tutulub. Mənzil təminatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçiriləcək.
Aygün
Medicina.az