Bakıda şagirdlər arasında yayılan virus nədir? - Nazirlikdən AÇIQLAMA

  • 2021.10.11 17:26
  • 1809 Baxış
Bakıda şagirdlər arasında yayılan virus nədir? -  Nazirlikdən AÇIQLAMA
Təhsil Nazirliyi tərəfindən məktəblərdə koronavirusa yoluxma barədə rəsmi statistika hələ ki açıqlanmasa da, artıq bəzi təhsil müəssisələrində virusa yoluxma hallarına rast gəlinir.

Paytaxtın bəzi məktəblərində koronavirusa yoluxma səbəbindən siniflər ənənəvi təhsili dayandırıb. Bakı şəhəri 162 saylı tam orta məktəbin 8ç sinif şagirdləri arasında koronavirusa yoluxma səbəbindən sinif distant təhsilə keçib.

Son günlər şagirdlər arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəlik geniş yayılıb. Valideynlər də uşaqlar arasında qripəbənzər xəstəliyin müşahidə olunduğu barədə narahatlıqlarını ifadə edirlər.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu Bakupost.az -a açıqlamasında deyib ki, son günlər şagirdlər arasında yayılan viruslar daha çox mövsümü xarakter daşıyır:

“Məndə olan məlumata görə, məktəblər açılandan bu günə kimi koronavirusa yoluxma ilə əlaqədar yalnız Bakı şəhəri 162 saylı tam orta məktəbdə bir sinif distant təhsilə keçib. Digər məktəblərdə belə hal müşahidə olunmayıb. Payız mövsümündə, fəsil dəyişən vaxt məktəblilərin respirator viruslarla xəstələnməsi adi haldır. Hal-hazırda əsas mövsümi xəstəlik qripdir. Qrip virusunun yayılma dövrüdür. Ona görə də bu xəstəlik müşahidə olunduqda qorxmaq, təşvişə düşmək lazım deyil. Qızdırma, qusma, boğaz ağrısı kimi əlamətlər varsa, bu koronavirus demək deyil. Bu əlamətlər adi qrip virusunda da müşahidə olunur”.

V.Yaqublu bildirib ki, bütün ölkə üzrə məktəblərdə bu məsələyə Təhsil Nazirliyi tərəfindən nəzarət edilir:

“Hazırda şagirdlər arasında kütləvi şəkildə koronavirusa yoluxma halları müşahidə olunmur. Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır. Qaydalara əməl olunsa şagirdlər arasında yoluxma halları kritik həddə çatmaz”.