Baş ağrıları ilə yanaşı keylik varsa həkimə gedin - Nevroloq

  • 2023.08.14 15:57
  • 1783 Baxış
Baş ağrıları ilə yanaşı keylik varsa həkimə gedin  - Nevroloq
Baş ağrıları da bir neçə cür təsnif olunur. Bəzən olur ki, kranial sinirlərin zədələnməsi nəticəsində olan ağrılar, bəzən xroniki ağrılar, yaxud baş beyində hansısa onkoloji xəstəliyin əlaməti olaraq müşahidə olunur. Əgər pasiyent uzun müddətli baş ağrılarından əziyyət çəkirsə və səbəbi məlum deyilsə, dərmanla ağrılar keçmirsə, mütləq nevroloqa müraciət etməlidir. Bunu gecikdirdikdə xəstəliyin son mərhələsinə gəlir və bununla mübarizə aparmaq çətin olur. Şəxs özündə bir neçə gün baş ağrıları, yorğunluq, əzginlik, əmək qabiliyyətinin zəifləməsi kimi hallar müşahidə edirsə, həkimə müraciət etməlidir. Həkim isə müayinələr nəticəsində dəqiq səbəbi ortaya çıxarır, hətta bəzən ciddi bir xəstəliyin olduğu da aşkarlanır.



"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-nevroloqu Durna Ələkbərova baş ağrıları, boyun ağrıları, bel ağrıları barədə danışıb.



“Bəzən baş ağrıları ilə paralel yuxarı ətraflarda keylik müşahidə olunur. Bu cür şikayətlər zamanı da nevroloqa müraciət etmək lazımdır. Bunun da qarşısı vaxtında alınmazsa, beyin qan dövranının pozulması baş verə bilər. Bundan başqa bel ağrıları da beldə olan hər hansı patologiyanın simptomu kimi özünü göstərir. Düzgün diaqnoz qoyub müalicələr etmək üçün xəstə vaxtında həkimə müraciət etməlidir. Çünki vaxtında qarşısı alınmazsa, daha ağır xəstəliklərə çevrilə bilər”.

“Sinir ağrısı deyilən bir diaqnozu təstiqləmək üçün ilk növbədə həmin nahiyədə sinirin kompressiyasını dəqiqləşdirmək lazımdır. Yəni, bütün ağrıları sinir ağrısı kimi qəbul etmək olmaz. Məsələn, kürək nahiyəsində olan ağrı adətən bir neçə səbəbdən baş verir. Bunun üçün ilk növbədə ağ ciyərin KT müayinəsi aparılmalıdır ki, ağciyərdə hansısa patologiyanın olub-olmadığı aydınlaşsın. Əgər kürək nahiyədə ağrı orta xətdən başlayaraq qabırğalar istiqamətində yayılırsa, bu zaman sinir ağrısından şübhələnirik”.


Aygün Musayeva