Baş nazir ÜST rəhbəri ilə görüşdü

  • 2024.03.15 14:32
  • 413 Baxış
Baş nazir ÜST rəhbəri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb.



"Medicina" xəbər verir ki, Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə müasir dünyanı narahat edən məsələlərin müzakirəsi üçün nüfuzlu platforma olan XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.


Əli Əsədov Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar barədə söhbət açıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin prioritetlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunmasıdır.



Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin Ümumdünya Səhiyyə Təşkilatının prioritet istiqamətləri və BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.

Həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev də iştirak edib.