“Beyində və onurğada ən mürəkkəb əməliyyatları edirik” - Tanınmış neyrocərrah/ VİDEO

  • 2019.02.05 14:30
  • 69997 Baxış
“Beyində və onurğada ən mürəkkəb əməliyyatları edirik” -  Tanınmış neyrocərrah/ VİDEO

Bu gün baş-beyin şişləri və kəllədaxili qan sızmaları tez-tez təsadüf edən ağır xəstəliklərdən biridir. Bəs Azərbaycanda bu xəstəliklərin profilaktikası, cərrahiyyəsi və müalicəsi hansı səviyyədədir?


Bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin həkimləri ilə rəqabət apardıqlarını, baş beyin damarlarının anevrizmalarının əməliyyat etdiklərini bildirən Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş-beyin şöbəsinin  həkim-neyrocərrahı Ələsgər Həsrətov Medicina.az saytına müsahibəsində vacib tövsiyələrini verir...


- Ələsgər doktor, Respublika Neyrocərrahiyyə Xəstəxanasının fəaliyyəti hansı istiqamətləri əhatə edir?


- Respublika Neyrocərrahiyyə Xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyində olan bir səhiyyə müəssisəsidir. Xəstəxana neyrocərrahiyyə xəstəliklərinin müalicəsi ilə məşğuldur. Xəstəxanada baş beyinin və onurğa beyninin, o cümlədən periferik sinirlərin xəstəlikləri müalicə olunur, diaqnostikası aparılır. Xəstəxana 1985-ci ildən fəaliyyət göstərir, bir neçə il əvvəl əsaslı təmir olunub. Burada baş beyin, onurğa və uşaq neyrocərrahiyyə şöbələri, o cümlədən neyrotravma şöbəsi var. Xəstəxanada reanimasiya və anesteziologiya, şüa-diaqnostika şöbələri mövcuddur. Xəstəxananın böyük kollektivi var. 25-ə qədər neyrocərrah, anestezioloq, böyük orta və kiçik tibb personalımız var.


Bizim əsas məramımız xəstələrə şəfa verməkdir. Mən baş beyin neyrocərrahiyyə şöbəsində çalışır. Bu şöbə baş beyinin cərrahi xəstəlikləri ilə məşğul olur. Bu gün bu xəstəliklər kifayət qədər yayılıb, diaqnostika üsullarının yaxşılaşması ilə bağlı tezliyi aşkarlanması baxımından artıb.  Həm də xəstəliyin mütləq miqdarı da artıb. Əsasən baş beyin neyrocərrahiyyə şöbəsində baş beyinin şiş xəstəlikləri (onkologiyası) və damar xəstəliklərinin müalicəsi ilə məşğul oluruq.


Azərbaycan neyrocərrahiyyəsində son 10 ildə çox ciddi irəliləyiş müşahidə olunur.

 



- Bu irəliləyişlərdən hansıları qeyd etmək olar? 


- 2011-ci ildən başlayaraq Azərbaycanda beyin damarları üzərində əməliyyatlar həyata keçirməyə başladıq. Bura beyin damarlarının anevrizmaları, artervenozmalformasiyaları, kvernozagiyomaları, anadangəlmə venoz qüsurları daxildir. Əvvəllər bu xəstələr ölkədə müalicə oluna bilmədikləri üçün xarici ölkələrə üz tutur, həm mənəvi, həm fiziki əziyyət çəkirdilər. 2011-ci ildən bəri xəstəxanamızda 500-dən artıq xəstə qeyd edilən xəstəliklərlə əlaqədar əməliyyat edilib, müalicə alıb. Bu xəstələrin çox böyük əksəriyyəti tam sağlam vəziyyətdə əvvəlki həyatlarına dönüb.


Beyin şişlərinin müalicəsində də çox ciddi irəliləyişlər var. Belə ki, xəstəliklərin diaqnostika üsulları artıb, xəstəxanamızda MRT, kompüter tomoqrafiya aparatı var. Əməliyyatların keyfiyyəti artıb. Hazırda əməliyyatxanamızda dünyada istifadə edilən ən müasir mikroskoplardan birini, "Medtronik” firmasının kraniotomundan, mikrocərrahiyyə alətlərdən istifadə edirik. Təbii ki, bunlar əməliyyatların keyfiyyətini xeyli yaxşılaşdırıb. İnsanlar artıq qısa müddətdə əməliyyat olunub evlərinə dönürlər. Əlçatmaz sayılan patologiyaları artıq xəstəxanada müalicə edirik. Bu sırada beyində üçüncü mədəciyin cərrahiyyəsi, pinial bölgə şişləri, beyin kötüyünün şişləri, onurğa beyninin daxili şişləri, kəllə əsası cərrahiyyəsi, burun likvareyalarının müalicəsi, selyar nahiyənin şişləri var. Bunlar kifayət qədər mürəkkəb patologiyalardır. Son illər ərzində bu cür xəstələrin həm sayı, həm də əməliyyatlarının sayı artıb.


Həkimlər daim öz üzərində çalışırlar. Neyrocərrahlar həm ölkə daxilində, həm də xaricdə keçirilən konfranslarda, toplantılarda, təcrübə kurslarında fəal iştirak edirlər. Bu, şübhəsiz ki, müalicə prosesinin keyfiyyətinə mühüm təsir edir. Bir zamanlar  xarici ölkələrə tədbirlərə gedəndə biz bir az çəkinə-çəkinə gedirdik, çünki əməliyyatlarımızın sayı, çeşidi o qədər ürəkaçan deyildi. Bu gün biz dünyanın hər bir ölkəsinə başımızı dik tutaraq gedirik. Bütün dünyanın məşhur neyrocərrahiyyə mərkəzlərində edilən əməliyyatlar eynilə bizdə də icra olunur. Nəticələrimiz onların nəticələrindən də pis deyil. Hətta bəzi göstəricilərimiz daha yaxşıdır. Tək keçən il ərzində biz ən geniş təchiz olunmuş mərkəzlərdə dünyanın adlı-sanlı cərrahlarının icra etdiyi əməliyyatlardan birini -  beyin damarlarındanbzilyar arteriyasının  anevrizmasının açıq cərrahiyyəsi əməliyyatını etdik.  Əməliyyata qədər ağır vəziyyətdə olan xəstə əməliyyatdan sonra xəstəxanadan öz ayaqları ilə sağ-salamat çıxıb getdi. Bunun kimi xeyli sayda əməliyyatlar gətirmək olar.


Uşaq neyrocərrahiyyəsi şöbəsində xüsusən anadangəlmə onurğa sütunu və baş beyin patologiyalarının, hidrosefaliyaların, onurğa sütununun anadangəlmə qüsurlarının müalicəsi aparılır. Çox vaxt bu qüsurlar mürəkkəb, çox komponentli olduğundan bu əməliyyatların icrası da çətinliklər törədirdi. Bu gün xəstəxanamızda bu işi kifayət qədər yüksək səviyyədə bacaran mütəxəssislər var. Bu əməliyyatların sayı və çeşidi xeyli artıb.


Onurğa sütunu cərrahiyyəsi şöbəsində də onurğa sütununda icra edilən bütün əməliyyatlar icra olunur. Onurğa beyni və onurğa beyni qişalarının şişindən tutmuş mürəkkəb degenerativ dəyişikliklərə, travmatik dəyişikliklərə, onurğa sütununu stabilləşdirən müxtəlif əməliyyatlar yüksək səviyyədə icra edilir. Biz nəticələrimizi daha çox daha çox qonşu Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan, Rusiya, İsrail mütəxəssislərinin nəticələri ilə müqayisə edirik. Bizim nəticələrimiz onlarla eyni səviyyədə müqayisə olunacaq dərəcədə yaxşıdır.    


- Neyrocərrahi xəstəliklərin sayında artım müşahidə olunurmu?


- Bütün xəstəliklərin, o cümlədən neyroxəstliklərin müasir dövrdə bütün dünyada olduğu kimi mütləq sayının artması tendensiyası var. Digər tərəfdən, tibb personalının, həkimlərin, radioloqların bilik səviyyəsi, təcrübəsi artdıqca, diaqnostika üsulları təkmilləşdikcə xəstəliklərin daha erkən, vaxtında, bəzən müəyyən fəsadlar törətməmiş üzə çıxarılmasına imkan yaranır. Ona görə də elə bizim xəstəxanamızda da il ərzində həm əməliyyatların miqdarı,  həm müraciət edən xəstələrin sayında artım müşahidə edilir.  Burada bir amili də qeyd etmək lazımdır. Həm Səhiyyə Nazirliyi, həm xəstəxanamız, həm də ayrı-ayrı həkimlər tərəfindən sosial şəbəkələr vasitəsi ilə maarifləndirmə işləri genişləndiyindən, insanlar sağlamlıqlarına daha çox diqqət yetirdiklərindən onlar xəstəxanalara daha erkən müraciət edirlər. Bu isə xəstəliklərin vaxtında aşkarlanmasına səbəb olur.


Baş beyin xəstəliklərinə gəlincə, bu gün ən çox təsadüf edilən xəstəliklər baş-beyin şişləri və kəllədaxili qan sızmalardır. Bu gün insanların əlilliyinin və ölümünün əsas səbəblərindən biri olan və artmaqda olan  xəstəliklərdən biri damar xəstəlikləridir. Ən geniş yayılmışları da baş beyin damarlarının anevrizmalarıdır. Anevrizma beyin damarlarının anadangəlmə qüsurudur və adətən, damar divarının kisə şəkilli qabarmasından ibarətdir. Əsas fəsadı anevrizmanın partlaması və kəllədaxili qan sızmaya səbəb olmasıdır. Adətən, orta yaşlarda, 40-60 yaşlar arasında təsadüf edilən bir xəstəlikdir. Bu da insanın iş və həyat fəaliyyətində ən qızğın, ən işlək dövrdür. Bu xəstəliyin əsas əlamətlərindən biri baş ağrılarıdır. Bəzən bu ağrılar uzun müddət müxtəlif mütəxəssislər tərəfindən müxtəlif adlarla müalicə olunurlar. Xüsusən miqren tipli ağrıları olan xəstələrin hamısının baş beyinin MRT, bəzən də göstəriş olanda angioqrafiya  müayinəsini keçməyə ehtiyac var. Çünki miqren tipli ağrılar bəzən anevrizmaxəstələliyinin debüt əlaməti ola bilər. İkincisi, təəssüf ki, bu xəstəliklər anevrizma partlayıb kəllədaxili qan sızma baş verəndən sonra diaqnoz qoyulur. Xəstədə qəflətən kəskin baş ağrıları, ürək bulanma, qusma, boyunda ağrılar, halsızlıq yaranır. Huşun itməsi, qıcolma tutmaları ola bilər. Bu cür xəstələr dərhal mütəxəssisə müraciət etməli və baş beynin müayinəsi aparılmalıdır. İlk öncə baş beynin kompüter tomoqrafiya müayinəsi həyata keçirilməlidir.


- Bu halda hansı müddət kirtikdir?


- Diaqnoz nə qədər tez qoyulursa, o halda daha məqsədyönlü tədbirlər aparıla bilər. Bu gün şükürlər olsun ki, Azərbaycanın hər bir bölgəsində müasir xəstəxanalar var və əksəriyyəti kompüter tomoqraflarla təchiz olunub. Bu gün hər hansı rayonda bir xəstədə belə şikayətlər olarsa, yarım saat- bir saat ərzində rayon mərkəzində, yaxud iri şəhərlərin birində həmin müayinədən keçə bilər. Kompüter tomoqrafiya müayinəsi kəllədaxili qan sızmanı aşkarlamaq üçün kifayət edir. Çox nadir hallarda əlavə müayinələrə ehtiyac olur. Qan sızma aşkarlanarsa, o zaman qan sızmanın səbəbini araşdırmaq üçün digər əlavə müayinələrdən istifadə olunur. Məsələn, beyin damarlarının angioqrafiya müayinəsindən istifadə edilir. Biz anevrizma xəstələrinin diaqnostikasında əsasən kompüter tomoqrafiya və MRT müayinələrindən, müxtəlif angioqrafiya müayinə üsullarından istifadə edirik. Bu zaman həmin patologiya aşkar edilir və anevrizmalı xəstələr üzərində cərrahi əməliyyat keçirilir. Bizim xəstəxanada bu xəstələrin açıq cərrahiyyəsi icra edilir. Əməliyyatın mahiyyəti həmin anevrizma kisəsinin damardan ayrıldığı yerə, ona anevrizma kisəsinin boynu deyirlər, xüsusi bir metal sanca – metal klip qoymaqdan ibarətdir. Bununla anevrizma kisəsi ümumi qan dövranından təcrid olunduğu üçün artıq xəstəliyin aktuallığı itir. Bu xəstələr çox nadir hallarda, xüsusən açıq cərrahi əməliyyatdan sonra təkrar oluna bilən patologiyadır. Adətən, bu xəstələr sağalırlar. Bu zaman vaxtında diaqnostikanın əhəmiyyəti var. Bəzən xəstələr ağır fəsadlar - əlin, ayağın iflici, psixi pozuntularla bizə müraciət edirlər. Bu fəsadlar inkişaf etməmişdən əvvəl xəstələr müraciət edərlərsə,  təbii ki, əməliyyatdan sonra tam sağlam həyatlarına qovuşa bilərlər.


Patologiyalardan biri də baş beyin şişləridir.


- Baş beyin şişləri hansı əlamətlərlə özünü büruzə verir?            


- Xəstələr adətən, baş ağrılarından, qıc olma tutmalarından şikayətlənirlər. Səhərlər baş ağrıları ürək bulanma, qusma ilə müşahidə olunursa, bu, baş beyin şişlərindən qaynaqlanır. Bəzən görmə pozuntuları, yerimə, koordinasiya pozuntuları müşahidə oluna bilər. Ona görə də bu cür xəstələr vaxtında mütəxəssislərə, nevroloqlara, neyrocərrahlara müraciət etməlidir.


Beyin onkologiyası neyrocərrahiyyənin əsas, böyük bir hissəsidir. Beyin onkologiyası hələ araşdırılan, inkişaf edən bir sahədir. Biz də bir kollektiv  olaraq yeni metodları, yanaşma üsullarını öyrənmək üçün üzərimizdə çalışır, mütəmadi konfranslarda, tədbirlərində iştirak edirik.      


- Qeyd etdiyiniz xəstəliklər hansı səbəblərdən yaranır? İnsanlar bu xəstəliklərlə üzləşməmək üçün nə etməlidir?


- Bu, həkimə veriləcək ən asan, amma cavabı ən çətin sualdır. Bu gün nə onkologiyada, nə də damar xəstəliklərində hər hansı bir konkret səbəb söyləmək mümkün deyil. Burada irsiyyətdən tutmuş həyat tərzinə, insanların həyat boyu məruz qaldığı müəyyən amillərin təsirinə, fiziki, emosional gərginlik, insanın keçirdiyi digər xəstəlikər, zərərli vərdişlərə  qədər bir çox amillərin rolu var. Konkret fikir söyləmək çətindir. Ancaq müəyyən amillərin rolu var. Məsələn, beyin damarlarının anevrizması olan bir xəstədə yüksək arterial təzyiqin olması, yaxud bu təzyiqi artıracaq stress, fiziki gərginliyin olması bunun partlamasına gətirib çıxaran amildir.  Siqaret çəkmə, sirtli içkilərin qəbulu da həmin anevrizmaların partlamasına şərait yaradan amillərdən biridir. 


- Beyin şişlərinin cərrahi əməliyyatdan sonra sağalma ehtimalı, faizi hansı səviyyədədir?


- Bu, beyin şişlərinin ölçüsündən,  yerləşmə yerindən asılıdır. Kifayət qədər müasir təhlükəsiz  yanaşma metodlarının işlənib hazırlanması, müasir optik cihazlar, qan saxlama vasitələrinin istifadəsi cərrahi əməliyyatdan sonra bu xəstələrin yaxşılaşmasına zəmin yaradan amillərdir. Bu xəstələrin böyük əksəriyyəti adətən, sağalırlar. Digər tərəfdən, artıq beyin cərrahiyyəsində nəyin bahasına olursa olsun, şişin tam çıxarılması anlayışı yoxdur. Çünki bu gün cərrahiyyəyə alternativ digər üsullar da var. Məsələn, radioterapiya, radiocərrahiyyə, kimyəvi terapiya var. Beyində funksional vacib zonalar var. Məsələn, nitq mərkəzi, əl və ayağın hissiyyat mərkəzi, görmə mərkəzi, huşunu, nəfəsini idarə edən mərkəzlər var. Həmin nahiyələrə qonşu, yaxud həmin nahiyələrdə olan şişləri çıxararkən biz o şişlərin ziyansız hissələrini, yəni xəstəyə ziyan vermədən maksimum mümkün olan hissəsini çıxarırıq. Şişin çıxarıldığı halda xəstəyə ziyan verəcək hissəsini isə çıxarırıq. Bu gün dünyanın hər yerində belə edirlər. O xəstə növbəti mərhələdə digər müalicə üsullarından istifadə edir. Məsələn, radiocərrahiyyədən, şüa terapiyasından, kimyəvi terapiyadan istifadə edir.  Bu da insanların ömrünü daha keyfiyyətli davam etdirməsinə zəmin yaradır.


- Bel yırtığının yaranmasının əsas səbəbləri hansılardır? Bu sahədə hansı müalicə metodları mövcuddur?


- Bel ağrıları nəinki bu gün, hər zaman ciddi problemlərdən biri olub. Bel ağrılarının əsas səbəblərindən biri də bel yırtığıdır. Yırtıq fəqərə arası diskin nüvəsinin onurğa kanalına doğru çıxması ilə xarakterizə olunan bir xəstəlikdir. Yırtıq onurğa kanalının içərisində olan onurğa beyni, onurğa qişaları və sinir kökcüklərinə təsir edir, qıcıqlandırır və xəstələrdə müvafiq şikayətlər yaradır. Bu şikayətlər ilk növbədə beldən ayağa vuran ağrılar, ağrılarla yanaşı keylik, pəncədə zəiflik, ayaqda arıqlama ilə bağlıdır.


Bel yırtıqlarının yaranmasının səbəbi onurğa sütununun müəyyən yüklənmələrə məruz qalmasıdır. Bu səbəblər sırasına ağır yük qaldırma, kəskin hərəkətlərin icrası, səhv, yöndəmsiz hərəkətlər, ağır fiziki işi, o cümlədən soyuqdəyməni qeyd etmək olar. Amma bu, heç də bütün hallarda fiziki iş görən insanların xəstəliyi deyil. Çox tez-tez heç bir fiziki iş görməyən insanlarda da buna təsadüf edir. Burada irsiyyətdən tutmuş qida, mühit, həyat tərzinə qədər müxtəlif amillərin rolu var. Xəstələrin müalicəsinə gəlincə, dərman müalicəsi, fiziki müalicə üsulları, sonda isə cərrahiyyədir.


Bel yırtıqlarının cərrahi müalicəsi həmin yırtığın xaric edilməsi, yəni yırtıqla sinir arasındakı konfliktin aradan qaldırılmasıdır. Bu gün dünyada ən populyar müalicə üsulu standart diskoktemiya əməliyyatıdır. Həm cərrahların təcrübəsi artdığından, həm də optik vasitələrdən istifadə olunduğundan 10 il qabaq icra olunanla bu gün icra olunan əməliyyatlar arasında çox ciddi fərq var. Qısa bir kəsikdən, toxumalara ehtiyatla yanaşmaqla yırtığın çıxarılması əməliyyatları icra edilir. Bu xəstələr adətən, bizim xəstəxanada əməliyyatdan maksimum 3 gün sonra evə buraxılırlar, qısa müddətdə həyat fəaliyyətlərini davam etdirirlər.


Amma cərrahi əməliyyata müəyyən göstərişlər var. Bunlar əsasən nisbi göstərişlərdir. Mütləq göstəriş xüsusi hallarda yaranır. Məsələn, xəstədə qəflətən kəskin sidik ləngiməsi, yaxud aşağı ətraflarda kəskin zəiflik yarandığı hallarda əməliyyata göstəriş mütləqdir. Çünki həmin konflikt vaxtında aradan qaldırılmazsa, o halda bu xəstəliyin sonrakı müalicəsi çox zaman apara, bəzən tam müalicə olunmaya da bilər. Digər hallarda cərrahi əməliyyata göstərişlər isə nisbidir. Yəni xəstə ilə həkim aralarında araşdıraraq bir qərara gəlirlər. Biz hansı hallarda xəstələrə əməliyyat təklif edirik. Əgər xəstə uzun müddət, bir, iki ay, daha çox müddət ağrılardan əziyyət çəkirsə, bu ağrılarda azalma tendensiyası yoxdursa, aparılmış dərman müalicəsi, istər fizioterapiya üsullarının ciddi əhəmiyyəti yoxdursa, yaxud xəstənin aşağı ətrafında artan nevroloji pozuntular əmələ gəlirsə, keylik artırsa, əzələ zəifləyirsə, arıqlama baş verirsə, əməliyyat təklif olunur. Yaxud xəstə bir kurs müalicə alır, yüngül yaxşılaşma olur, qısa müddətdən sonra öncəki hallar təkrar baş verirsə, belə halda biz xəstələrə cərrahi əməliyyat təklif edirik. Bəzən də çox kəskin ağrılar ola, bu ağrıları ağrıkəsici vasitələrlə aradan götürmək mümkün olmazsa, belə hallarda da cərrahi əməliyyat məsləhət görürük.


Bu gün belə qısa müddət davam edən cərrahi əməliyyatlar hər bir neyrocərrah tərəfindən uğurla icra edilir. Endoskopik disk əməliyyatı da var, ancaq o qədər də geniş yayılmayıb.  Bu gün dünyada ən geniş yayılmış cərrahiyyə üsulu standart diskektomiya əməliyyatıdır. Bu standart diskektomiya əməliyyatı böyüdücü vasitələri, yəni mikroskop və böyüdücü lupaların köməyi ilə icra edilir. 

 



- Oturaq iş fəaliyyəti bel yırtıqlarının yaranmasında nə dərəcədə rol oynayır?


- Oturaq iş bel yırtığının yaranmasında, ümumiyyətlə, onurğa sütununun bel hissəsində degenrasiya prosesində, osteoxondrozun inkişafında rolu var. Çünki insan oturarkən onun onurğasının yüklənməsi dəfələrlə artır. İnsan ayaq üstə olarkən insanın gövdəsinin yükü daha çox ayaqlara ötürülür, oturarkən isə bu, daha çox onurğanın bel hissəsinə yüklənir. Ona görə də uzun müddət oturmaq və onurğanın bel hissəsini yükləndirən digər işlər, uzun müddət önə əyilməklə icra edilən iş, yaxud qeyri-fizioloji vəziyyətdə icra edilən iş onurğanın həddən artıq yüklənməsinəvə degenerativ xəstəliklərin artmasına səbəb olan amildir.


- İnsanlarda belə rəy formalaşıb ki, Azərbaycanda əməliyyata ehtiyacı olmayan, müalicə ilə aradan qaldırıla biləcək bel yırtıqlarının da əməliyyatına üstünlük verilir. Bu rəyin formalaşması nə ilə əlaqədardır?


-Doğrusu, bu, çox da obyektiv bir fikir deyil. Burada bir neçə amili qeyd edə bilərəm. Müasir dövr qlobal, çox sürətli, informasiyalı bir dövrdür. Bu dövrdə hər hansı bir xəstə, tutaq ki, disk yırtığı olan bir xəstənin mediokomentoz müalicəsi, sonrakı fiziki müalicə üsulları ilə müalicəsi uzun müddət vaxt aparır. Bir neçə gün, bir ay dərman müalicəsi olur, sonra bir neçə kurs fizioterapeftik müalicə gedir. Bu, xeyli zaman tələb edir. İnsanlar da zamanın qədrini bilirlər. Ona görə də bir az iti düşünərək həkimlər qarşısında şərt qoyurlar. Qeyd edilən müalicə üsullarının da effektivliyini həkimlər də qabaqcadan deyə bilməz. Bir qisim xəstələrdə bu müalicə üsulları effektli ola, ağrılar keçə bilər, bir qisimdə isə bu müalicə üsulları effektli olmaya bilər. Ona görə də insanlar bəzən vaxt itirmək istəmir, daha tez sağalmaq, işlərinə dönmək istəyirlər. Bu nöqteyi-nəzərdən əməliyyata göstərişlər artır. Ona görə belə bir tendensiya var ki,  Azərbaycanda əməliyyatlar tez aparılır. Bu, dünyanın hər yerində belədir. Çünki cərrahiyyə inkişaf etdikcə həkimlər cərrahi müalicə üsullarını digər müalicə üsullarına alternativ qoyurlar. Bu gün dünyanın hər bir məsələsində maliyyə məsələsi, sığorta şirkətləri var. Sığorta şirkətləri xəstənin qısa müddətdə sağalmasında maraqlıdırlar. Cərrahi əməliyyatlar isə fiziki müalicə üsulları ilə müqayisədə daha qısa müddətdə sağalmağa imkan yaradır. Ona görə bu tendensiya dünyanın hər yerində var.


Bu gün cərrahi əməliyyata göstərişlər daha çox artırılır. Bayaqdan bel yırtığından əziyyət çəkən xəstə illərlə əziyyət çəkirdi, əməliyyat olunmurdu, sonra çarəsiz qalanda əməliyyat edilirdi İndi isə cərrahi əməliyyat üsulu digər müalicə üsullarına bir alternativ kimi xəstələrə təklif olunur. Xəstəyə bildirilir ki, əməliyyat ediləcəksən, səhəri gündən ağrın olmayacaq, qısa müddətdə bərpa olunub gedəcəksən. Təbii ki, disk yırtığı əməliyyat edilərkən onun təkrar əmələ gəlməsi ehtimalı var. Amma müalicə olunarkən də yenidən o ağıların qayıtması ehtimalı mövcuddur. Ona görə də cərrahi əməliyyatların sayının, göstərişlərinin genişlənməsi  tək Azərbaycanda olan bir tendensiya deyil, dünyada olan bir tendensiyadır.


Amma bəzən belə hallar da olur ki, kifayət qədər əsaslar olmadan xüsusən cavan xəstələr əməliyyatlara məruz qalırlar. Bu isə onurğada baş verən degenerativ prosesin bir az da sürətlənməsinə, daha tez-tez residivlərin əmələ gəlməsinə səbəb olur. 


- Azərbaycanda neyrocərrahların sayı, peşəkarlığı hansı səviyyədədir?


- Bu gün Azərbaycanda 60-a qədər neyrocərrah var. Bu həkimlərin 1/3-i Respublika Neyrocərrahiyyə Xəstəxanasında çalışır. Xəstəxanamızda ənənələri olan, ixtisaslaşmış neyrocərrahiyyə kollektivi mövcuddur. Bu kollektivin öz adət-ənənələri var. Bu xəstəxanada bütün xəstələr, hər həkimin xəstəsi ilə bağlı kollektivdə xəstəliyin özü, diaqnostikası, müalicə üsulları tam müzakirə ediləndən sonra bir qərar qəbul edilir. O qərara uyğun da müalicə aparılır. Digər neyrocərrahlar Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının həkimləridir. Bir neçə il əvvəl Tibb Universitetinin bazası bizim xəstəxanada idi və onlar da bizimlə bir yerdə olan kollektiv idi. Təxminən 10 neyrocərrah hazırda Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasında çalışır. Mərkəzi Hərbi Hospitalda Neyrocərrahiyyə şöbəsi var və şöbədə bir neçə neyrocərrah var. O cümlədən 1 saylı və 3 saylı dövlət xəstəxanalarında neyrocərrahlar var. Hazırda özəl klinikalarda da bir neçə neyrocərrah çalışır. Bu neyrocərrahlar əsasən Türkiyədə təhsil alanlardır.


- Yeri gəlmişkən, telekanallarda tez-tez hansısa özəl xəstəxanalarda çalışan neyrocərrahlar reklam edilir...


- Reklam məsələsinə ikili münasibət var. Bir tərəfdən, cərrahın reklam olunması yaxşıdır. İnsanlar belə bir ixtisasın, xəstəliyin olduğunu bilirlər. Belə reklamların bir maarifləndirici tərəfi də var. Bəzən isə reklamlar həqiqətə uyğun olmayan səviyyədə aparılır, kifayət qədər təhsilə və iş icra etmək qabiliyyətinə malik olmayan bir qisim neyrocərrahlar çox geniş reklam olunur. Təəssüf ki, xalqımız da reklama inanaraq elə müəssisələrə üz tutur, lazımsız əməliyyatlar edilir, kifayət qədər keyfiyyətli əməliyyatlar edilmir. Ona görə də sonradan həmin xəstələr müəyyən fəsadlarla bizə müraciət edirlər.


Biz Səhiyyə Nazirliyinin bir müəssisəsi olaraq şəhərdən kənarda yerləşirik. Sosial şəbəkələrdə də xəstəxanamız barədə kifayət qədər ciddi məlumat yoxdur. Təəssüf ki, saytımız da yoxdur. Biz yaxın gələcəkdə xəstəxanamızın saytını yaratmaq və istifadəyə vermək fikrimiz var. Bu məsələni artıq kollektivin rəhbərliyi ilə müzakirə etmişik. Yəni insanlar bəzən neyrocərrah lazım olanda, təbii ki, sosial şəbəkələrə üz tuturlar. Sosial şəbəkələrədə də daha çevik cərrahlar reklam xarakterli informasiyalar yerləşdirirlər. Təbii ki, bu da xəstələrin həmin cərrahlara yol açır.


Bizim  xəstəxanamız Azərbaycanda bu miqyasda yeganə səhiyyə müəssisəsidir. Biz xalqımıza xidmət göstəririk, il ərzində 1500-2000 cərrahi əməliyyat icra edirik. Bu, kifayət qədər böyük saydır. Bu xəstəxana, kollektivin gördüyü işlər haqqında insanların maarifləndirilməsinə böyük ehtiyac var.  Nəzərdə tütmüşük ki,  gələcəkdə müxtəlif müəssisələrdə nevroloqlar, digər mütəxəssislər arasında maarifləndirmə işi aparaq. Bu, əsasən insanların xəstəliklərinin vaxtında aşkarlanması, sonra insan rifahının yaxşılaşdırılmasına yönəlmiş bir amil olacaq.


- Xəstəxanada il ərzində beyin və bellə bağlı hansı sayda cərrahi əməliyyat icra olunur?


- 10 il qabaq xəstəxanada il ərzində 20-30 beyin əməliyyatı keçirilirdi. Bu gün demək olar ki, iş günlərinin hər birində xəstəxanamızdakı 4 əməliyyatxanadan 2-də baş beyin xəstəliklərinin əməliyyatı aparılır. İl ərzində 800-ə yaxın beyin əməliyyatı icra olunur. Ondan ən azı 2 dəfə çox onurğa sütunu əməliyyatları keçirilir. Onurğa sütunu əməliyyatları içərisində əsas hissəsini onurğa sütunu yırtıqlarının cərrahiyyəsi, yaxud osteoxondrozun digər fəsadları, yəni fəqərə sürüşmələri, listezlər, onurğa kanalının daralması patologiyalarının payına düşür. Kifayət qədər çoxsaylı əməliyyat icra edilir. Orta hesabla, il ərzinə 1500-2000 əməliyyat icra olunur.


- Respublika Neyrocərrahiyyə Xəstəxanası haqqında "Yaxşı həkimlər, pis şəraitin olduğu xəstəxana” fikrinə də rast gəlinir. Bu baxımdan xəstəxananızın zəruri avadanlıqlarla təchizatı hansı səviyyədədir? Xəstəxananın yerləşdiyi məkan nə dərəcədə uğurludur?


- Müasir dövrdə, xəstəxananın yerinin elə bir əhəmiyyəti yoxdur, bu yer bizi qane edir. Xəstəxanamız bir neçə il əvvəl əsaslı təmir edilib. Xəstəxanada xəstələr üçün hər bir şərait var. Xəstəxanalarda gözəl palatalar var, hər biri sanitar qovşaqlarla təchiz edilib. Həkimlər üçün yaxşı kabinetlər var.


Arzu edilən nüanslardan biri Neyrocərrrahlar Assosiasiyasının olmasıdır. Biz kifayət qədər ciddi işlər görürük, dünya səviyyəli əməliyyatlar icra edirik. Amma bunları  çatdırmaq, elmi konfranslar təşkil etmək istiqamətində əngəllər var. Bu da Assosiasiyanın, koordinasiya edən bir strukturun olmaması ilə bağlıdır. Ümid edirəm ki, bu məsələlər rəhbərlik tərəfindən nəzərə alınar və bu çatışmazlıqlar aradan qalxar.


Çingiz Əliyev

Medicina.az


  “Beyində və onurğada ən mürəkkəb əməliyyatları edirik” -  Tanınmış neyrocərrah/ VİDEO