Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
"Medicina" xəbər verir ki, TƏBİB məlumatına görə, sentyabrın 24-ü, saat 08:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, R.Behbudov küçəsi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfərə ilkin tibbi yardım göstərilib, bir nəfərin hospitalizasiyadan imtinası qeydə alınıb, iki nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Zəruri tibbi xidmət göstərilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.