Bir milyarddan çox insanın ölümcül xəstəliklərə tutulmaq riski var

  • 2024.03.01 16:14
  • 1352 Baxış
Bir milyarddan çox insanın ölümcül xəstəliklərə tutulmaq riski var
Mütəxəssislər artan piylənmə problemi ilə bağlı xəbərdarlıq ediblər.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, piylənmə problemi yetkinlərdə iki dəfə, yeniyetmələrdə isə dörd dəfə artıb.
Hazırda dünyada artıq çəkidən əziyyət çəkən insan sayı159 milyonu uşaq olmaqla,1 milyarddan çoxdur. Yeni araşdırmalar bu insanların ölümcül xəstəliklərə tutulma riskinin yüksək olduğunu göstərib.

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən açıqlamaya görə, 1990-cı ildən bəri piylənmə nisbətləri sürətlə artır.
Mütəxəssislər bildirirlər ki, 30 il əvvəl kasıb ölkələrdə bir çox insan arıq idi və hətta aclıqdan ölüm halları yaşanırdı. Hazırda isə artıq çəkiyə görə sağlamlıq problemlərindən əziyyət çəkməyə daha meyilli olanlar məhz kasıb ölkələrin əhalisidir.

Tədqiqatçılar zərərli qidaların ucuzlaşdığını, sağlamlığa faydalı qidaların isə bahalaşdığını söyləyərək problemin səbəblərinə toxunublar.

London İmperial Kollecinin 1500 alimin iştirakı ilə apardığı son araşdırmada 2022-ci ilə qədər dünya üzrə 220 milyon insan barəsindəki məlumatlar təhlil edilib.

Tədqiqat müəlliflərindən biri olan professor Məcid Ezzati deyib:

“1990-cı ildə dünyanın əksər ölkələrində böyüklər arasında müşahidə olunan piylənmə probleminin indi məktəb yaşına çatmış uşaqlarda və yeniyetmələrdə də özünü biruzə verməsi çox narahatedicidir. Eyni zamanda, yüz milyonlarla insan hələ də qida çatışmazlığından əziyyət çəkir. Biz hər iki hal ilə mübarizə aparmalıyıq".

Professor Ezzati 1990-cı ildə hər on britaniyalıdan yalnız birinin artıq çəkili olduğunu, indi isə bu nisbətin hər on nəfərdən üç civarına yüksəldiyini bildirib. Britaniyada uşaqlarda artıq çəki problemi iki dəfədən çox artaraq 4 faizdən 10-12 faizə yüksəlib.
Araşdırmaya görə, piylənmə problemində ciddi artım yaşayan başqa bir ölkə Hindistandır. Bu ölkədə 90-cı illərdən bəri piylənmə on dəfə artıb.

ÜST-nin Qidalanma və ərzaq məhsullarının təhlükəsizliyi məsələləri üzrə departamentin direktoru Françesko Branka bunları deyib:

"Kifayət qədər qidalanmayan insanlar yoluxucu xəstəliklərə qarşı daha həssasdırlar. Lakin piylənmə 2-ci tip diabet və ürək xəstəliklərinə, sümük xəstəliklərinə, sonsuzluğa səbəb ola bilər. Həmçinin, bəzi xərçəng növlərinə tutulmaq riskini artırır. Artıq çəki bədəndəki bütün sistemlərə təsir göstərir və həyat keyfiyyətini aşağı salır. Yaxşı xəbərlər də var. İspaniya və Fransada qadınlar arasında artıq çəki probleminin azalması, həmçinin Qərbi Avropada piylənmə nisbətlərində müşahidə edilən azalma vəziyyətin hələ də yaxşıya doğru gedə biləcəyini göstərir.

İngiltərəli professor Simon Kenni bu rəqəmlərin narahatlıq doğurduğunu deyib.

“Piylənmə hər bir insan orqan sisteminə təsir etdiyi üçün, uşaqların və gənclərin daha qısa ömür sürmələrinə səbəb ola bilər. Problemi təkbaşına heç bir ölkə və ya qurum həll edə bilməz. Gələcəyimizin önünə qoyulan saatlı bombanı dayandırmaq istəyiriksə, dövlət və cəmiyyət birlikdə hərəkət etməlidir", - deyə Simon Kenni vurğulayıb.


Gül