"Bir qrup məsuliyyətsiz adama görə bütün xalq əziyyət cəkir” - PROFESSOR

  • 2020.10.16 13:35
  • 3812 Baxış
"Bir qrup məsuliyyətsiz adama görə bütün xalq əziyyət cəkir” -  PROFESSOR

"Hələ rəsmi rəqəmlər reallığı əks etdirmir”.

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor bildirib ki, karantin qaydalarına əməl etməmək, tələbləri qulaq ardına vurmaq sonda acı nəticəyə gətirir:

"İnsanlar bundan nəticə çıxarmalıdır. Əslində bu karantin rejimini pozanlar, qaydalara əməl etməyənlər virusun yayılmasında birbaşa günahkardırlar. Dövlət strukturu bununla bağlı Orepativ Qərargah yaradıb. Pandemiya son hadisələrdə, cəbhə bölgəsində, vətən uğrunda yaranmış savaşda arxa plana düşdü. Pandemiya kifayət qədər təhlükəlidir və dünyanın ən qüdrətli ölkələri bunun qarşısında acız qalıb. Xeyli adam evində müalicə olunur, həkimə müraciət eləmir. Bu baxımdan düşünürəm ki, vəziyyət ciddi və təhlükəli ola bilər. Biz müharibə aparırıq, ön və arxa cəbhə var. Hər halda arxa cəbhədə insanların xəstələnməsi və bu şəkildə infeksiyanı ön cəbhəyə yayması işimizə xeyli zərər vura bilər. Bunu insanlar nəzərə almalıdır. Biz istəyirik ki, cəbhə kimi pandemiya ilə mübarizədə də eyni məsuliyyətdən davam edək”.

Adil Qeybulla qeyd edib ki, bu gün soyuqdəymə xəstəlikləri də baş qaldırıb:

"Soyuqdəymə xəstəlikləri koronavirusa yoluxma riskini qaldırır. İnsanlar maska taxmaqla, məsafə gözləməklə, əllərini yumaqla həm də bu problemdən qorunmuş olurlar. Karantin rejiminin sərtləşdirilməsi insanların sağlamlığında əlavə problemlər yarada bilər. Ona görə də vətəndaş məsuliyyəti nümayiş etdirmək lazımdır. Bir qrup məsuliyyətsiz adama görə bütün xalq əziyyət çəkir”.

Adil Qeybulla sərt karantin tətbiq olunacağı halda insanların vəziyyətinin yaxşı olmayacağını deyib:

"Ölkədə müharibə gedir, internet yox, sosial şəbəkələrə məhdudiyyətlər qoyulub, digər tərəfdən də "evdə qal” kampaniyasının insanları hansı duruma gətirəcəyini düşünün”.