"Bizim Market"də saxta yağ aşkarlanması cinayətdir" - Qoşqar Təhməzli

  • 2020.01.17 13:28
  • 3730 Baxış
 "Bizim Market"də saxta yağ aşkarlanması cinayətdir" -   Qoşqar Təhməzli
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin mağazasında aşkarlanan 12 ton saxta kərə yağı ilə bağlı məsələyə münasibət bildirib.

Medicina.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, bu, cinayət faktıdır:

“Hazırda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olurlar. Yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb.

Ekspertizanın nəticəsi onu göstərdi ki, həmin yağ kərə yağı deyil. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar. Faktla bağlı materiallar hazırlanaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Bu işdə günahı olan insanlar cəzalandırılacaqlar. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar”.

Sədr “Bizim Market”in Qida Təhlükəsizliyi Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, market bu məsələdə AQTA-nı günahlandıra bilməz:

“Hər hansı bir şəxs, cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə nə əlaqəsi var? Bizim saytda şirkətlərin reyestri var və biz həmin şirkətlərin Azərbaycana idxal olunan məhsulları barədə məlumat veririk.

Hər hansı bir ticarət şəbəkəsi bununla maraqlansa, o zaman bilər ki, saxta mal var, ya yoxdur. Biz bu faktla bağlı “Bizim Market”i günahlandırmamışıq. Açıqlamamızda da bildirdik ki, burada sırf cinayətkar dəstə iştirak edib, digər şirkətin əmtəə nişanını oğurlayıb və saxtalaşdırıb”.