Botoks və dolğudan sonra bəzi qadınlar niyə eybəcərləşir? - Həcər Hüseynova sirləri açdı - VİDEO

  • 2020.09.07 15:01
  • 9687 Baxış

“Bu gün xanımlar bir çox kosmetoloji prosedurları düzgün bilmirlər. Botoks qırışları açmaq, dolğular isə boşluqları doldurmaq üçündür. Bəzi xanımlar botoksla dolğunun fərqini də tam anlamırlar”.

Medicina.az xəbər verir ki, bunu kosmetoloq Həcər Hüseynova bildirib. O deyib ki, botoksu üzün istənilən nahiyəsinə vurmaq qətiyyən olmaz:


“Bu böyük fəsadlar əmələ gətirər. Botoks alına, qaşa, gözətrafına, dolğular isə yanağa, dodağa, çənəyə vurula bilər. Ümumiyyətlə, deformasiya varsa, xanımda kompleks yaradan problem olarsa, o zaman bunları etmək olar. Amma həmişə təbiiliyin tərəfdarı olduğum üçün azdan başlamağı məsləhət görürəm. Preperatın istehsal ölkəsi, firması, eləcə də insanın yaşam tərzindən asılı olaraq orqanizmdən tamam getməsi üçün 9 ay, 1 il vaxt lazım olur. Ən azı orqanizmdə 6-7 ay qalır”.


H.Hüseynovanın sözlərinə görə, bu gün xanımların əsas şikayəti dəri quruluğu ilə bağlıdır:

“Xanım cavan, gözəl görünmək istəyirsə, hər zaman bol su içməlidir. Düzgün yuxu rejiminə və qidalanmaya fikir verməlidir. Bunlar bizim sağlamlığımız üçün də önəmli faktorlardır”.

Kosmetoloqun sözlərinə görə, dərini təravətdən salan ölmüş hüceyrələri ev şəraitində də təmizləmək olar:

“Məsələn, türk qəhvəsini içdikdən sonra içərisindəki tozu yağlı dərilərə saat əqrəbi istiqamətində tətbiq edərək, dərini bütün ölmüş hüceyrələrdən təmizləyə bilərlər. Quru dəriyə sahib olan xanımlar isə həmin qəhvə tozunun içərisinə azca zeytun yağı əlavə edərək üzlərini ovuşdura bilərlər. Həssas dəriləri olanlar isə yağı qatıqla əvəz edəcəklər. Bu şəkildə üzlərinə pilinq edə bilərlər. Bundan başqa, ev şəraitində soda, limon suyu və su da çox gözəl pilinqdir. Xanımlar bilməlidirlər ki, evdə istənilən maskanı, proseduru etdikdən sonra qidalandırıcı kremlərini çəkməlidirlər”.

H.Hüseynova qeyd etdi ki, dəri quruduğu zaman qırışlar çoxalır, üz düşür və boşluqlar yaranır:

“Hər gün üzü sabunla, özəlliklə qaynar su ilə yumaq olmaz. Quru dərilər qələvisi, turşusu az olan sabunlar seçməlidir ki, qıcıq, qaşınma verməsin. Bu gün bütün növ dəri tiplərinə uyğun sabunlar var. Məsələn, səpkili, sızanaqlı dərilər üçün kükürdlü sabunları məsləhət görürük. Hər kəs öz dərisini tanımalı, ona uyğun sabundan istifadə etməlidir”.