BTİMM-nin həkimləri - Beynəlxalq Qastroenteroloji konqresdə

  • 2024.04.27 16:16
  • 474 Baxış
  BTİMM-nin həkimləri   -  Beynəlxalq Qastroenteroloji konqresdə


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə aprelin 25-27-də Bakıda XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi, həmçinin XX Beynəlxalq Hepato-qastroenterologiya Konqresi təşkil olunub.


"Medicina" xəbər verirt ki, Beynəlxalq tədbir Azərbaycan Respublikası Səhiyyə nazirliyinin, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları Assosiasiyalarının (TASL) birgə təşkilatçılığı ilə keçirilir.

Beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, tanınmış elm xadimləri ilə yanaşı, 31 ölkədən (Türkiyə , Rusiya , Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Pakistan, Niderland, İspaniya və s.) ixtisaslaşmış elm və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov beynəlxalq konqresin Azərbaycanda 8-ci dəfə təşkil olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, üç gün davam edəcək beynəlxalq tədbirdə dünyanın bir çox ölkələrinin aparıcı mütəxəssisləri tərəfindən qastroentrologiya və cərrahiyyənin müxtəlif sahələrini əks etdirən mühazirələrin geniş auditoriyaya çatdırılması nəzərdə tutulur.


“Əminəm ki, beynəlxalq konqres qastroenterologiya və hepatoqastroenterologiya sahəsində eksperimental və klinik araşdırmalarda ən son nailiyyətlərlə tanış olmaq imkanı yaradacaq, eyni zamanda beynəlxalq elmi əməkdaşlığının möhkəmlənməsinə öz töhfəsini verəcək”, - deyə nazir müavini fikrini tamamlayıb.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini konqresdə 2 həkim - qastroenteroloq- hepatoloq Nuranə Quliyeva və həkim- endoskopist Aygün Vəliyeva təmsil edib.

Qeyd edək ki, Müalicə Mərkəzinin həkimləri tez- tez həm ölkəmizdə, həm də xaricdə təşkil olunan belə tədbirlərə qatılmaqla öz sahələrinə aid nəzəri biliklərini daha da təkmilləşdirirlər. Beynəlxalq miqyaslı belə konfranslar yerli həkimlərə əcnəbi həmkarları ilə təcrübələrini bölüşmək imkanı verir. Tibbin müxtəlif sahələrinə aid konfrans, simpozium və seminarların keçirilməsi dünya səhiyyəsinin ən son yenilikləri ilə tanış olmaq baxımından da əhəmiyyətlidir.

MEDİCİNA.AZ