"Bu dərmanları qəbul etsəydim, sonum çatacaqdı" - AİB sədri

  • 2021.01.08 09:30
  • 1895 Baxış
"Bu dərmanları qəbul etsəydim, sonum çatacaqdı" -  AİB sədri

İstehlakçıların hüquq müdafiəçisi aptekə qaytardığı dərmanların pulunu ala bilmir.

Azad İstehlakçılar Birliyinin rəhbəri (AİB) Eyyub Hüseynov koronavirusa yoluxub.

Bu barədə onun özü məlumat verib.

Eyyub Hüseynov 3 gün əvvəl test nəticəsinin pozitiv çıxdığını bildirib:

"Dekabrın 30-da özümdə qrip əlamətləri hiss etdim. Bir neçə gün həmin əlamətlər davam etdi. Nəhayət, yanvarın 5-də vaxtilə şikayətlərin çox olduğu bir xəstəxanada testdən keçməyi qərara aldım. Evə yaxın olduğu üçün həmin klinikanı seçdim. Hərarətim yox idi, yüngül asqırma və öskürək var idi. Test nəticəsi pozitiv çıxandan sonra narahat olmağa başladım. Bir gün sonra ən inandığım və illər boyu şikayət gəlməyən “Sağlam ailə” klinikasında test sınağından keçdim. Burada nəticəmin pozitiv olduğu təsdiqləndi və avtomatik olaraq məlumatlarım dövlət orqanına göndərildi”.

QHT rəhbərinin sözlərinə görə, sahə həkimi ayrılanadək məsləhətləşdiyi həkimlərdən birinin təyin etdiyi müalicəyə başlayıb:

“Dərmanlar 500 manat tutdu. Resepti təqdim edəndə çox təəccübləndim. Tutumu hardasa 8 kq-a yaxın idi. Bu dərmanları qəbul etsəydim, yəqin ki, sonum çatacaqdı. Məsləhətləşmədən sonra dərmanları aldığım aptekə geri verdim, hələ də “Doctor” apteklər şəbəkəsi dərmanların pulunu geri verməyib. Bu da istehlakçı hüququnun pozulmasıdır”.

Hüquq müdafiəçisi hazırda evdə optimal qərarla müalicə aldığını və çox sadə dərmanlar qəbul etdiyini qeyd edib:

“Hələki heç bir çətinlik yoxdu. Yoluxmamın səbəbi, karantın vəziyyətinə tam uymayıb icazə alaraq ofisə getməyim və çoxsaylı şikayətçilərin istehlakçı problemlərinin həllinə yardımçı olmağımdır. Bu işə heç kim məni məcbur etmir və tam təmənnasız edirəm”.