Bu ədviyyatın tərkibində qurğuşun aşkarlandı – Evinizdə varsa, dərhal atın!

  • 2024.03.13 20:12
  • 743 Baxış
Bu ədviyyatın tərkibində qurğuşun aşkarlandı –  Evinizdə varsa, dərhal atın!
ABŞ Qida və Dərman İdarəsi (FDA) tərkibində yüksək miqdarda qurğuşun olan 6 darçın markası haqqında xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, həmin markalardan darçın alanların məhsulları dərhal atmaları tövsiyə olunub.

FDA ötən aylarda körpələr üçün istehsal edilən darçınlı alma püresinin tərkibində də qurğuşun aşkarlandığını xatırladıb.

"Bəzi üyüdülmüş darçın məhsullarında aşkar etdiyimiz qurğuşun səviyyələri çox yüksəkdir. Biz yüksək qurğuşun səviyyələrinə məruz qalmanın mənfi sağlamlıq nəticələrinə qarşı ən həssas olanları qorumaq üçün daha yaxşı işləməliyik", - deyə FDA-nın qidalar üzrə komissar müavini Cim Cons deyib.

Bəzi ədviyyatların tərkibində az miqdarda qurğuşun olması qeyri-adi deyil. Bitkilər böyüdükcə, bəzən torpaqda təbii olaraq meydana gələn qurğuşunu udurlar. Qurğuşun, həmçinin məhsulun işlənməsi zamanı və ya ədviyyatların çəkisini artırmaq üçün rəngləndirici kimi istifadə edilə bilər.

Qida mühəndisi Ebru Akdağ qidalarda yüksək miqdarda qurğuşun tapılmasının narahatlıq doğurduğunu ifadə edib. O, qidalarda qurğuşun çirklənməsinin məhsulların yetişdirildiyi, istehsal edildiyi və ya emal edildiyi mühitdən yarana biləcəyini və qurğuşunun təbii olaraq torpaqda, suda, havada ola biləcəyini söyləyib.

Akdağ qurğuşunla çirklənmiş bitkilərin yuyulması və ya digər qida emal addımları ilə tamamilə təmizlənə bilməyəcəyini qeyd edib. O, qurğuşunlu bitkiləri və ya suyu istehlak edən heyvanlardan əldə edilən məhsullara qarşı da diqqətli olmağı tövsiyə edib. Çünki qurğuşun bu yolla da insan bədəninə daxil ola bilər.

Qeyd edək ki, FDA darçındakı qurğuşuna uzun müddət məruz qalmanın qanda qurğuşun səviyyəsinin yüksəlməsinə səbəb olacağını və qurğuşunun təhlükəsiz səviyyəsinin olmadığını diqqətə çatıdırb.

FDA, həmçinin qeyd edib ki, qurğuşuna məruz qalmaq əsəbilik, yuxululuq, əzələ ağrıları, qəbizlik, konsentrasiyada çətinlik, titrəmə və kilo itkisinə səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, kiçik uşaqlar daha yüksək risk altındadırlar, çünki onların bədənləri böyüklərdən 4-5 dəfə daha çox qurğuşunu qəbul edə bilir.

FDA-ya görə, körpə, uşaq və gənclərdə "yüksək qurğuşuna məruz qalma" zamanla nevroloji təsirlərə, öyrənmə və qavrama çətinliyinə, eləcə də aşağı IQ səviyyələrinə səbəb olur.

2021-ci ildə aparılan bir araşdırma, ABŞ-da yarım milyondan çox uşağın qanında aşkar edilə bilən səviyyədə qurğuşun olduğunu üzə çıxarıb.

Aysel