Bu göz xəstəliyi yalnız Bakıda müalicə olunur - Fərqli müalicə metodu olan professorla MÜSAHİBƏ

  • 2019.11.21 18:45
  • 34144 Baxış
Bu göz xəstəliyi yalnız Bakıda müalicə olunur  -  Fərqli müalicə metodu olan professorla MÜSAHİBƏ
"İnanıram ki, xərçəngin də müalicəsi HAT metodikası ilə mümkün olacaq”


Rasim Hacıyev professor, oftalmoloq, HAT (Human Attractor Treatment) Medicine metodunu tətbiq edən ilk həkim, HAT Medicine klinikasının rəhbəridir.

O, hazırda dünyada müalicəsi olmayan, görmə sinirinin tam ölməsi ilə xarakterizə olunan atrofiya xəstəliyinin müalicəsini edən yeganə mütəxəssisdir. Nadir həkimlərdəndir ki, yanına xaricdən xəstələr gəlir. Onun metodikası barədə Qazaxıstan, Rusiya, Belarusiya, Gürcüstan, Polşanın həkimləri bilir və atrofiyalı xəstələri xilas etmək üçün xəstələri Bakıya yönəldir.

 


Belə bir sual yaranır ki, niyə bu həkim barədə Azərbaycan pasiyentləri az məlumatlıdır? Çünki Rasim Hacıyev dəbdə olan aparıcıların verilişlərində pafoslu və şişirdilmiş tərzdə reklam olunmur, ümumiyyətlə, efirlərə çıxmır. Ona görə də atrofiyadan gözü kor olmaq üzrə olan xəstələr o reklam edilmiş həkimlərin qəbulunda vaxt itirərkən, xarici vətəndaş gözünün sağlamlığına qovuşub gedir.


Onu da qeyd edək ki, elə o həkimləri reklam edən aparıcılar öz yaxınlarını, övladlarını Rasim Hacıyevin müayinəsinə gətirir. 

Rasim Hacıyev atrofiyanın hansı metodla müalicə olunması, ümumiyyətlə, HAT metodunun hansı xəstəliklərdə effektiv olması, göz müayinəsi və müalicəsində yol verilən səhvlər barədə Medicina.az-ın suallarını cavablandırıb:


-Professor, əgər dünyada görmə sinirinin atrofiyası yalnız Bakıda müalicə olunursa, o zaman siz böyük və nəhəng bir mərkəz yaradıb, tibbi turizmin inkişafına dəstək verə bilərsiz. Əcnəbi vətəndaşlar necə olur ki, sizin barənizdə eşidir? 


-Özünüz gördünüz ki, müayinədə nə qədər xarici vətəndaş var idi. Hər gün belədir. İnanın, heç bilmirəm haradan öyrənilər. Hər həftə azı 5 nəfər xarici xəstə gəlir.


Dünyada minlərlə atrofiyaya tutulan xəstə var. Onlar bilsələr, o zaman Bakı görmə siniri atrofiyasının müalicə mərkəzi ola bilər. Bu, mənim də arzumdur.  Təsəvvür edin, bu Azərbaycan üçün nə qədər uğurlu olardı. Biz öyrəşmişik, həmişə bizdən xəstələr xaricə gedir. Amma gördüyünüz kimi, hətta Polşa, Çexiya, Almaniyadan belə lazım olarsa, insanlar dərdlərinin dərmanı üçün Bakıya gəlir.  Dünyada bir neçə klinika guya, atrofiyanın müalicəsi ilə məşğul olur. Amma araşdırdıqda görürük ki, effekt olmur, boşuna reklamdır. Onlar bizim metodika ilə işləmir.


- Bəlkə hələ dünya bu metodu ciddi qəbul etmək istəmir,  Rasim Hacıyevin bunu müalicə edəcəyinə inanmır...


-Ola bilər, düzdür. Amma real xəstələr var. Bu gün  Qırğızıstandan gələn xəstə digər həmvətənindən bizim barədə eşidib gəlib. Xəstələr bir-birinə zəng edir, internetdə qruplar var.


Bir azərbaycanlı xəstə Sankt-Peterburqa gedib, orda deyiblər ki, bizə niyə gəlmisiz, elə Bakıda bu xəstəliyi müalicə edən Rasim Hacıyev var. 

Moskvaya gedirlər, ordan bura göndərirlər.  Bir dəfə hətta Daniyadan azərbaycanlı gedib Moskvaya gəlib, orda bizim barəmizdə eşidib və sonra Bakıya gəldi.


-Bəs bunu dünyaya eşitdirmək, Avropaya çıxarmaq barədə nə düşünürsüz? Niyə hələ də bu addımı atmamısız?


-Bunun üçün ciddi elmi işlər hazırlayırıq. Bir neçə məqaləmizi faktlarla, kliniki tədqiqatlarla xarici elmi dərgilərdə çap etdirəcəyik. Bunları çap etdirməsək alınmayacaq. Elmi işlərimizi, məqalələri ingilis dilinə tərcümə etdiririk. Bunlar asan başa gəlmir. Digər tərəfdən vaxt azlığı da var, xəstələrə vaxt çatdırmıram. 


-Bildiyim qədəri ilə siz gözdə əməliyyatla məşğul olmursuz?


-Xeyr, əvvəllər məşğul olurdum, indi yox. Əməliyyatları mənim qızım Z. Əliyeva adına göz institutunda həyata keçirir. Azərbaycanda göz əməliyyatları çox inkişaf edib, katarakta, mirvari, qlaukoma, astiqmatizm – bütün əməliyyatlar Z. Əliyeva adına xəstəxanada hər cür şərait var.

Atrofiyanı isə əməliyyatla müalicə etmirik.


Bu kiçik HAT Medicine klinikamızda bütün növ göz müayinələri, astiqmatizm,  torlu qişanın xəstəlikləri, diabetik retinopatiya ilə məşğul oluruq.  Mənim elmi işim də bu mövzuda idi. Biz digər göz xəstəliklərini də HAT metodikası ilə müalicəyə başlamışıq. Əvvəlcə akademik təbabət üsulu ilə müalicə edirik, o effekt verməsə, HAT metoduna keçirik.


-Nədir HAT metodu? Dərmanlarınız fərqlidir? Xəstəyə nə təyin edirsiz  ki, başqa həkimlər bunu bilmir? 


-Biz hormonal  dərmanlar işlətmirik. Biz yalnız mikrobları öyrənirik, hansı antibiotikə hissiyyat var. Adi, hamının bildiyi antibiotiklərdir. Fərqimiz ondan ibarətdir ki, biz dozanı düzgün seçirik. Mikrobun hissiyatına uyğun antibiotiki elə dozada təyin edirik ki, mikroblar tam ölmür. 

İndi abtibiotiklərə rezisdentlik artıb. Mikroblar anrtibiotiklərə üstün gəlir. Əvvəllər penisillini az dozada vururdular, ağır infeksiyalar, qanqrenlər sağalırdı. İndi yüksək doza verirlər, təsir etmir. 


HAT metodu mikrobların orqanizmində mikrob tarazlığını öyrənib. Bizim bədənimizdə milyonlarla mikrob var. Hətta onlar normal hüceyrələrimizdən daha çoxdur. Ağzımızda, dərimizdə, göz konyuktivasında saysız hesabsız mikrob yaşayır. Gözümüzün öz mikrobları var. Onlar arasında daim mübarizə gedir. Xəstəlik olanda yüksək doza dərmanlarla mikrobları tam öldürməyə cəhd edirlər. Öldürmək olmaz. Yüksək miqdarda antibiotik versək, heç bir nəticə almayacağıq. Atrofiyanın da müalicəsi bu prinsipə əsaslanır. 

 

 


MİKROB SÖZÜNDƏN QORXMAQ LAZIM DEYİL, ONLARSIZ HƏYAT YOXDUR


-Deməli,  gözlərdə baş verən bir çox xəstəliklərin səbəbkarı orda yaşayan mikroblar arasında balansın pozulmasıdır.


-Bəli, məhz balansın pozulması. Mikrob sözündən qorxmayın. Onlarsız yaşamaq olmaz. Onlar bizim dostlarımızdır. Bizim antitellərlə mikroblar arasında tarazlıq yaratmaq lazımdır. İl ərzində uşaqlara, gənclərə antibiotiklər təyin edirlər, bu balansı pozur. Çox mənfi fəsadları var. Nə qədər az antibiotik qəbul etsək, o qədər yaxşıdır.

 Bir də müalicə zamanı və sonrakı ayda xəstə ciddi pəhriz saxlamalıdır. Spirtli içki, qatıq, sirkə, mayonez, şoraba, hisə verilmiş qidalar qəti olmaz. 


-Sirkə, qatığın faydalı olduğunu bilirik axı...


-İzah edim.  Antibiotiklər necə yaranır? Kif göbələyindən. Qatıq özü mikrobdur. Biz mikrobu südün içinə atırıq, orda qıcqırma başlayır, mikroblar çoxalır, qatıq yaranır. Amma bu normal mikroblardır, mədə-bağırsağa xeyirdir. Amma müalicə zamanı qatıq yedikdə, sirkə qəbul etdikdə, onlarda olan mikroblar dərmanın effektivliyini azaldır, bizə mane olur. 


Sirkə də mikrobun ifraz etdiyi toksinlərdir. Ona görə bu pəhrizə əməl etmək lazımdır.İnsan normal qidalansa, xəstəliklər də az olacaq, ömrü də uzun olacaq. Çox müalicələrin əsası pəhrizdir.


-Bəs  sizin qidalanmanız necədir?


-Az yeyirəm. Yeməklər arasında fasilədə yemək olmaz. Çayla konfet, peçenye, arada meyvə yeyirlər, düzgün deyil. Yeməkdən yarım saat sonra qəbul etsinlər, vəssalam. Mədə axşamdan səhərə kimi – 14 saat boş olmalıdır. Axşam yeməyini yediz , çayınızı için, meyvə yeyin, nə istəyirsiz yeyin və yeməyə bir daha əlinizi uzatmayın.


Yeməkdən sonra meyvə, qatıq, çay için kimi məlumatlar yazırlar. Çoxu düzgün deyil. Bu, təkcə mənim fikrim deyil. Dünyanın tanınmış alimləri, Nobel mükafatçıları da təsdiq edib ki, mədə 12-13 saat boş qalmalıdır. Gecədən səhərə kimi. 


-Ağrıkəsicilərə münasibətiniz necədir?  Bir dəfə dediniz ki, çox ağrılarla mübarizə aparmaq lazım deyil, çünki xəstəliklər bir yerdən digərinə yerini dəyişir. 


-Mən həmişə bir şeyi deyirəm, bəzi ağrılar var ki, onları tam müalicə etmək üçün çalışmaq lazım deyil. Məsələn, yaşlı insanlarda oynaqlarda bir az ağrı varsa, bu bir tərəfdən mənfi haldırsa, digər tərəfdən müsbət haldır, çünki ürəyi kompensasiya edir. Qeyri-hormonal dərmanlar,mazlar, ağrıkəsicilər çox istifadə etmək olmaz, çünki ürəyə mənfi təsir edir, ürəyi sıradan çıxarır. Oynaqları sağaldacaqsız, ürək yükə düşəcək. Bu təbiətin qanunudur. 


-Bəs HAT metodikası xərçəngin müalicəsi barədə nə deyir? Mümkündürmü?


-HAT metodikası və xərçəng mövzusuna heç biz yaxınlaşmırıq, cəhd də etmirik. Gələcəkdə bu üzrə geniş araşdırmalar apararlar.  O zaman bir söz söyləmək olar. Amma xərçəngin də müalicəsinin HAT metodikası ilə mümkünlüyünü görürəm.


AYGÜN MUSAYEVA

Medicina.az

 

 




Bu göz xəstəliyi yalnız Bakıda müalicə olunur  -  Fərqli müalicə metodu olan professorla MÜSAHİBƏ
Bu göz xəstəliyi yalnız Bakıda müalicə olunur  -  Fərqli müalicə metodu olan professorla MÜSAHİBƏ
Bu göz xəstəliyi yalnız Bakıda müalicə olunur  -  Fərqli müalicə metodu olan professorla MÜSAHİBƏ