Mütəmadi çay içmək yaşlı qadınlarda sümük sıxlığının artması ilə əlaqəlidir.
Medicina.az xəbər verir ki, bu nəticəyə Flinders Universitetinin (Avstraliya) alimləri tərəfindən osteoporotik sınıqların 10 illik tədqiqatı zamanı gəlinib.
Tədqiqatda 65 yaşdan yuxarı 9704 qadın iştirak edib. On il ərzində iştirakçıların bud sümüyünün mineral sıxlığı bir neçə dəfə ölçülüb, onların gündəlik çay və qəhvə istehlakı qeydə alınıb.
Nəticələr göstərdi ki, çay içənlərdə bud sümüyünün sıxlığı daha yüksəkdir - təxminən 0,003 q/sm² fərq var ki, bu da statistik cəhətdən əhəmiyyətlidir, lakin fərdi xəstə üçün əhəmiyyətli deyil.
Orta hesabla qəhvənin əhəmiyyətli təsiri olmayıb, baxmayaraq ki, gündə beş fincandan çox istehlak edildikdə sümük sıxlığının azalmasına meyl müşahidə olunub.
Əlavə təhlillər göstərib ki, yüksək spirtli içki qəbul edən qadınlarda qəhvə bud sümüyünün sıxlığını azaldır.
Digər tərəfdən, çay piylənmiş qadınlarda sümüklərin möhkəmlənməsinə kömək edib. Lakin müəlliflər bu məlumatların müşahidə xarakterli olduğunu vurğulayırlar. Birbaşa səbəb-nəticə əlaqəsini sübut etmək üçün klinik sınaqlara ehtiyac var.
Aygün Musayeva