Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə qastroenterit epidemiyası YAYILIR

  • 2024.06.04 15:30
  • 727 Baxış
Bu ölkədə qastroenterit epidemiyası  YAYILIR
Yunanıstanda içməli suya qarışan bakteriyalara görə qastroenterit epidemiyası yayılır.

Medicina.az xəbər verir ki, Yunanıstanın Tesaliya bölgəsindəki Rizomilo və Stefanovikio qəsəbələrində içməli suya bakteriyaların qarışması nəticəsində qastroenterit xəstəliyinin baş verdiyi bildirilib.

Yunanıstan Milli Xalq Sağlamlığı Təşkilatından (EODY) verilən yazılı açıqlamada mayın 27-də və sonrasında Rizomilo və Stefanovikio qəsəbələrində çoxlu qastroenterit hadisəsinə rast gəlindiyi ifadə edilib.

Məlumata görə, rayonda aparılan müayinələr zamanı içməli suda çoxlu mikrob və bakteriya, o cümlədən salmonella aşkarlanıb.

Açıqlamada bu ərazilərdə şəbəkə sularından tualetdən başqa heç bir yerdə istifadə edilməməsi ilə bağlı xəbərdarlıq olunub.

Epidemiya ilə əlaqədar rayonda uşaq bağçalarında və ibtidai məktəblərdə tədris bir gün müddətinə dayandırılıb.

Bələdiyyə kran suyundan istifadə etməmək tövsiyə olunan insanlara su paylamağa başlayıb. Prokurorluq epidemiyanın səbəbləri ilə bağlı araşdırma aparır.

Volosda qastroenteritdən ölən şəxsin ölüm səbəbinin bu epidemiya ilə bağlı olub-olmadığı araşdırılır.

Qastroenterit nədir?

Qastroenterit mədə və bağırsaqların iltihabıdır. Buna adətən viruslar, bakteriyalar və ya parazitlər səbəb olur. Əsasən gigiyena qaydalarına əməl edilməməsi və ya çirklənmiş qidaların istehlakı səbəbindən baş verir. Xəstəliyin simptomları insandan insana dəyişə bilər və simptomlar çox vaxt infeksiyanın şiddətindən və səbəbindən asılıdır.

Qastroenterit əlamətləri:

- Qarın ağrısı
- İshal
- Qanlı nəcis
- Qusma
- Ürəkbulanma
- Qızdırma və ya titrəmə
- Əzələ ağrıları və yorğunluq
- Baş ağrısı
- İştahsızlıq
- Susuzluq hissi

Simptomlar adətən infeksiyanın başlanmasından 1-3 gün sonra başlayır və 3-7 gün davam edir. Bəzi hallarda, simptomlar daha uzun müddət davam edə və ya daha ağır ola bilər. Bu hal xüsusən də immuniteti zəif olan insanlarda müşahidə edilir.

Müalicə simptomları aradan qaldırmaq, orqanizmi kifayət qədər su ilə təmin etmək və infeksiyanın yaratdığı problemləri aradan qaldırmaqdan ibarətdir. Dərmanlar yalnız simptomları azaltmağa kömək edə bilər.


Aysel