Bu xəstəlikləri olan uşaqlar koronavirusu ağır keçirə bilər- Azərbaycanlı həkim

  • 02 Fev 2021 14:57
  • 1849 Baxış
Bu xəstəlikləri olan uşaqlar koronavirusu ağır keçirə bilər - Azərbaycanlı həkim

Son günlər COVID-19 pandemiyasının yayılmasının səngiməsi, xəstə sayının azalmasını müşayiət edirik. Peyvəndləmə koronavirusun yayılmasının qarşısının alınmasına hesablanıb. Lakin uşaqlar və hamilə qadınlara peyvəndin vurulmasının əks təsiri var.

Bəs mümkün yoluxma halında hansı xəstəlikləri olan uşaqlar xüsusi risk qrupuna aid edilirlər?

Medicina.az xəbər verir ki, pediatr-nevroloq, Respublika Uşaq Sanatoriyasının həkimi Rayihə Xudiyeva oxu.Az-a açıqlama verib.

Həkim bildirib ki, araşdırmalar və səhiyyə qurumlarının apardığı müşahidələr uşaqlar arasında koronavirus infeksiyasına az rast gəlindiyini, xəstəliyin atipik, simptomsuz, daha yüngül gedişli olduğunu göstərir:

“Uşaqlarda əsasən yüngül tənəffüs sistemi, qusma, ishal, baş ağrısı, halsızlıq şikayətləri ön plana çıxır, bədən temperaturunun təhlükəli həddə qədər yüksəlməsi demək olar ki, müşahidə edilmir. Xəstəlik simptomsuz, qısamüddətli və yüngül gedişə malik olur. Lakin yeni doğulmuş körpələr, müəyyən qrup xəstəliklərdən əziyyət çəkən uşaqlar koronavirus infeksiyasının daha ağır təzahür etməsinə görə risk qrupuna aiddir”.

Pediatr-nevroloq qeyd edib ki, yeni doğulmuş uşaqlarda yoluxma cift vasitəsilə, doğuş prosesi zamanı və doğuşdan sonrakı ilkin təmaslar nəticəsində baş verir:

“Bu zaman yüngül və ya orta ağırlıqlı sətəlcəm başlaya bilər. Bu körpələr immun sistemləri tam təkmilləşmədiyi üçün infeksiyanı daha ağır keçirə bilərlər. Əsasən nəfəs darlığı, burun kanallarının tutulması, öskürək, mədə-bağırsaq sistemi ilə əlaqədar simptomlar ön plana çıxır”.

Rayihə Xudiyeva bildirib ki, anadangəlmə ürək qüsurları, bunlarla bağlı aparılan cərrahi əməliyyatlar COVID-19 infeksiyasının körpələrdə ağır gedişinə səbəb olur:

“Bu qüsurlar zamanı qanın oksigenlə təchizatı azalır. Bununla paralel ağciyərlərin koronavirus infeksiyasına məruz qalması mövcud xəstəliyin ağırlaşması ilə müşayiət olunur. Qan sisteminin bədxassəli xəstəlikləri - leykoz, limfoma, mieloma və s. patologiyalara məruz qalmış uşaqlar da yoluxma riski və xəstəliyin ağır gedişi baxımından diqqət mərkəzində olmalıdır. Bu xəstəliklərdən hazırda aktiv müalicə alan və müalicəni yeni tamamlamış uşaqlar koronavirus infeksiyasını nəzərəçarpacaq dərəcədə ağır keçirə bilər. Bu, onların əsas xəstəliyinin müalicəsi ilə bağlı immun sistemi zəiflədən dərmanların qəbulu ilə əlaqədardır. Ancaq müalicəni bir neçə il əvvəl tamamlamış, sümük iliyi nəql olunmuş uşaqlarda immun sistem normal sayılacaq dərəcədə fəaliyyət göstərdiyi üçün koronavirus infeksiyası yüngül gedişli olur”.

Həkim kistoz fibroz xəstəliyi olan uşaqların valideynlərinin xüsusilə diqqətli olmaqlarını vurğulayıb:

“Kistoz fibroz irsi xəstəlikdir. Təəssüf ki, ölkəmizdə də bu ağır xəstəlikdən əziyyət çəkən uşaqlar var. Bu, fərqində olmalı olduğumuz vacib bir patologiyadır. Əsasən tənəffüs, həzm, cinsiyyət sistemi və tər vəzlərinin mayesinin yapışqan, duzlu hal almasına səbəb olur. Bu zaman həm bronx, həm də dəri tənəffüsü pozulur. Çünki həm bronx mayesi, həm də tər qatı və yapışqan olur. Ona görə bu xəstələrdə koronavirus infeksiyası daha ağır gedişli müşahidə edilə bilər”.

“Bronxial astma xəstəliyi olan uşaqlar da bu baxımdan diqqət mərkəzində olmalıdır. 1-ci tip şəkərli diabet, piylənmədən əziyyət çəkən və qaradərili uşaqlar da (qara dəridə D vitamininin sintezi azdır, bu vitamin isə immun sistemə stimullaşdırıcı təsir göstərir) risk qrupuna aid edilir”, - deyə həkim əlavə edib.

Pediatr-nevroloq qeyd edib ki, epilepsiya xəstəliyi yoluxma və xəstəliyin gedişi baxımında bir xüsusiliyə malik olmasa da, koronavirus infeksiyası zamanı epileptik tutmaların tətiklənməsi müşahidə edilə bilər:

“Ona görə də epilepsiyadan əziyyət çəkən uşaqların valideynləri COVID-19-a yoluxma halı müşahidə edilərsə, mütləq nevroloqlarına məlumat verməli və onun tövsiyələrinə riayət etməlidirlər.

Ümumiyyətlə, valideynlərə uşaqlara şəxsi gigiyena qaydalarını, sosial məsafəyə riayət etməyi öyrətmələri, tibb müəssisələrinə planlı müraciətdən qaçınmaları, ehtiyac yarandığı halda həkimləri ilə məsafədən əlaqə saxlamaları tövsiyə olunur. Bu şəkildə həm uşaqlarını, həm də özlərini infeksiyadan qorumuş olarlar”.