Bu xəstəliyi olanlara qurbanlıq əti yemək olmaz

  • 2021.07.20 16:23
  • 1844 Baxış
Bu xəstəliyi olanlara qurbanlıq əti yemək olmaz


Qurbanlıq günü ilə əlaqədar çox evlərdə quzu, qoç əti bol olacaq və bu ətdən yeməklər bişəcək. Qurban ətindən yemək, dadmaq savabdır deyirlər. Amma son zamanlar əhali arasında yayılmış bəzi xəstəlikləri nəzərə alıb qoyun, qoç ətinin zərərləri barədə də xəbərdarlıq etməyi vacib hesab etdik.


Medicina.az qurban ətinin hansı xəstələrə qadağan olduğunu araşdırıb. Əgər bu siyahıya nəzər yetirsək, onu demək olar ki, çox insanlar bu ərəfədə qurbanlıq ətdən bişən yeməklərdən uzaq durmalıdır.

Terapevt Arzu Musayeva saytımıza verdiyi açıqlamada qoyun ətinin bu patologiyalara zərərli olduğunu bildirdi:


" İlk növbədə, qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır, gec həzm olur. Ona görə xorası, qastriti, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri, xolesistiti olan insanlara qoyun əti yemək olmaz.


Qurbanlıq ət 2 yaşa kimi uşaqlara və yaşı 70-i keçmiş ahıllara da olmaz. Çünki 2 yaşa kimi uşaqların mədə-bağırsağı və mədə turşuluğu bu ətin həzminə uyğun inkişaf etməyib.


Həmçinin əhali arasında geniş yayılmış bu xəstəliklərdə də qoyun ətindən uzaq durulmalıdır:


-Artrit, artroz – qoyun sümüyündə olan bakteriyalar xəstəliyi ağırlaşdıra bilər

-Ateroskleroz – damarlarında tutulması olanlar

-Qan təzyiqi yüksək olanlar

-Şəkərli diabet xəstələri


-Ürək –damar problemləri, insult, infarkt keçirənlər, ürəyində stend yerləşdirilənlər – qoyun ətində yüksək miqdarda lipid olduğu üçün qanda lipidi artırır.

-Böyrəklərində və öd kisəsində daş olanlar

-Qaraciyər xəstələri

-Podaqrası olanlar

Xüsusən qurban kəsiləndən sonra içalatını qovurma edib yeyənlər də ehtiyatlı olmalıdır. Qoyunun qaraciyərində sidik turşusu çox olduğundan, podaqra, daş və oynaq problemi olanlar ikiqat zərər görə bilər.