“Buz adamı”nın metodu elmi təsdiqini tapdı - Soyuq su vannası bu xəstəliklərdən qoruyur

  • 2024.03.15 17:17
  • 571 Baxış
“Buz adamı”nın metodu elmi təsdiqini tapdı -  Soyuq su vannası bu xəstəliklərdən qoruyur
Soyuq su vannası qəbul etməyin depressiyadan tutmuş xərçəngə qədər bir çox xəstəlikdən qoruduğu sübut edilib.

Medicina.az xəbər verir ki, “Plos One” jurnalında dərc edilən araşdırma soyuq su vannasının müxtəlif xəstəliklərə gətirib çıxaran xroniki iltihab riskini azaltdığını göstərib.

Məqsəd “Buz adamı” ləqəbli, hollandiyalı ekstremal idmançı Uim Hofun ən çox satılan kitabında bəhs etdiyi “Uim Hof Metodu”na dair bütün əvvəlki tədqiqatları təhlil etmək olub.

Qeyd edək ki, Hofun metodu tənəffüs məşqləri ilə soyuq su vannalarını birləşdirən gündəlik, xüsusi rejimdən ibarətdir.

64 yaşlı Hof soyuğun sağlamlığa faydalarını nümayiş etdirmək üçün Everestə çılpaq halda dırmaşmağa cəhd etmişdi. O, zirvəyə qədər qalxa bilməsə də, bir çox məşhurun soyuq duş və buz vannaları ilə maraqlanmağa başlamasına səbəb oldu.

Bununla da kifayətlənməyən Hof şort geyinərək Kilimancaro dağına çıxıb, buzun altında 66 metr üzüb və öz dözümlülüyünü sübut etmək üçün 2 saat buz kubları ilə dolu vannada dayanıb.

Hofun məşhur təqibçiləri arasında Devid Bekhem, Opra Uinfri və Qvinet Peltrou var.

Hof iddia edir ki, onun texnikaları vegetativ sinir, eləcə də immun sistemini stimullaşdırmaqla insanın fiziki və psixi sağlamlığını gücləndirir.

Bununla belə, indiyə kimi araşdırmalar onun iddialarını dəstəkləyəcək yalnız məhdud elmi dəlillər tapmışdılar. 2014 və 2022-ci illər arasında mövzu ilə bağlı 9 araşdırma baş tutub. Onların hamısının problemi yalnız çox kiçik iştirakçı qruplarının tədqiqata cəlb edilməsi idi.

Ancaq yeni araşdırmalar iltihabla əlaqəli iddiaların reallığı əks etdirdiyini göstərir. Tədqiqat Hofun məsləhətinə əməl edən könüllülərdə “sitokin” kimi tanınan iltihabı təşviq edən zülalların əhəmiyyətli dərəcədə aşağı səviyyədə olduğunu, həmçinin antiinflamatuar sitokin IL-10 səviyyəsinin isə yüksək olduğunu üzə çıxarıb.

Warwick Universitetinin alimləri Omar Almahayni və Dr. Lusi Hammond belə nəticəyə gəlib ki, Hofun üsulu iltihab xəstəliklərindən əziyyət çəkən insanlarda iltihabı azaltmaq üçün istifadə edilə bilər.

"İltihab, xüsusilə xroniki olduqda, ürək-damar xəstəlikləri, xərçəng, diabet, revmatoid artrit, astma, ağciyər xəstəlikləri, Alzheimer, xroniki böyrək xəstəliyi və iltihablı bağırsaq xəstəliyi kimi ciddi fəsadlara səbəb ola bilər. Buna görə də iltihabı azaltmaq faydalıdır", - deyə alimlər bildiriblər.

Lakin qeyd olunub ki, çox soyuq su bəzi insanlar üçün təhlükəli ola bilər. Odur ki, həkimlə məsləhətləşmədən soyuq su və ya buz vannası qəbul etmək olmaz. Bu üsulları tətbiq edərkən mütləq professional şəxslərdən dəstək almaq lazımdır.


Aysel