Çanaq ağrısı miqrendən ola bilər

  • 2023.06.09 14:16
  • 1699 Baxış
Çanaq ağrısı miqrendən ola bilər
Qadınlarda ən çox görülən iki xroniki ağrı növü miqren və çanaq ağrısıdır.

“Medicina” xəbər verir ki, son araşdırmalara görə, bu iki növ ağrı bir-biri ilə əlaqəli ola bilər. Xroniki çanaq ağrısından əziyyət çəkən hər 10 qadından 7-də miqren var. Bu, normal nisbətdən üç dəfə çoxdur.


Xroniki çanaq ağrısı, altı aydan çox davam edən beldən bir qədər aşağı nahiyədəki narahatlıqdır. Bu növ ağrı bütün ginekoloji müayinələrin 10% -dən çoxunu təşkil edir. Xəstəliklərin müəyyən faizi uşaqlıq yolunda müxtəlif infeksiyalar və ya neoplazmalarla bağlı olsa da, həkimlər xroniki çanaq ağrısı hallarının səbəbini izah edə bilmirlər.


Reproduktiv yaşda olan bütün qadınların 15%-dən 24%-ə qədəri bu vəziyyətdən əziyyət çəkir ki, bu da migrendən əziyyət çəkən qadınların faizi ilə müqayisə oluna bilər (təxminən 20%). ABŞ Milli Sağlamlıq İnstitutunun apardığı yeni araşdırma qadınlarda miqren və xroniki çanaq ağrıları arasında əlaqə tapıb. Tədqiqatda iştirak edən qadınların yaşı 46 yaşa qədər idi.


Bu tədqiqatlar göstərdi ki, xroniki çanaq ağrısı olan qadınların 67%-də miqren, digər 8%-də isə miqrenlə əlaqələndirilə bilən baş ağrıları var.

Sinir hüceyrələrinin ümumi həssaslığı artdıqca, xroniki çanaq ağrısı olan qadınların digər ağrı növlərinə daha həssas olacağına dair fərziyyə irəli sürülüb.

Günay Quluzadə