COVID-19-a yoluxanlarda infarkt RİSKİ - Həkimdən açıqlama

  • 2022.09.02 12:35
  • 1254 Baxış
COVID-19-a yoluxanlarda infarkt RİSKİ -  Həkimdən açıqlama
COVID-19-a yoluxanlar arasında ilk növbədə ürəyin işemik xəstəliyi, arterial hipertenziya, şəkərli diabet, xroniki ürək çatışmazlığı olanlarda fəsadların ehtimalı yüksəkdir. Bununla yanaşı, bəzi tədqiqatlar göstərir ki, infarkt və ya insult kimi ürək-damar xəstəliklərinin riski koronavirusa yoluxub sonra sağalanlar üçün bir müddət aktuallığını itirmir.



Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yusif Nağıyev bildirib.



Həkim COVID-19-da ürək-damar sisteminin zədələnmə mexanizmini belə izah edib:



“Xarici müəlliflərin fikrincə, ürək-damar sisteminin zədələnməsi COVID-19-un şiddətindən və ya sağalma müddətindən asılı deyil. Rusiyalı kardioloqların məlumatına görə, kardiologiya şöbəsinə yerləşdirilən hər üç nəfərdə koronavirusdan sonra ürək problemi aşkarlanıb. Bu vəziyyətdə simptomlar sağaldıqdan bir neçə ay sonra görünür.


COVID-19 həm qanyaradıcı, həm də ürək-damar sisteminə təsir göstərir. Nəticədə ürək çatışmazlığı inkişaf edir. Miokardit tez-tez ritm pozğunluqları, xüsusən də atrial fibrilasiya ilə müşayiət olunur. Nadir hallarda xəstənin ölümünə səbəb ola biləcək həyati təhlükəsi olan mədəcik taxikardiyasının inkişafına zəmin yarada bilər”.



Onun sözlərinə görə, koronavirus infeksiyası laxtalanmaya səbəb olmaqla infarkt riskini artıra bilir:



“Məlumdur ki, kəskin miokard infarktı aterotromboz nəticəsində baş verir. Bu, aterosklerotik piləyin yırtılması ilə əlaqədardır. Trombogen xəstəliyi kimi, COVID-19 trombozların riskini artırır və məlumdur ki, bu xəstəliyin letallığı məhz onunla bağlıdır.


Amma tədqiqatlar göstərib ki, yaşdan asılı olmayaraq inkişaf edən başqa bir mümkün fəsad meydana gələ bilər, yəni damarların daxili səthində aterosklerotik piləyin qeyri stabilləşməsi və yırtılması. Bu, miokard və ya beyin infarktının inkişafına səbəb ola bilər.


Digər ağır fəsad - ağciyər emboliyasıdır. Onun mənbəyi aşağı ətrafların damarlarında köhnə tromblardan qopmuş bir hissə və ya birbaşa ağciyər arteriyasında yeni yaranan tromb ola bilər”.