Covid-19-dan sonra yeni risk: Beyində səssiz təhlükə

  • 2026.01.17 13:20
  • 60 Baxış
Covid-19-dan sonra yeni risk:  Beyində səssiz təhlükə

ABŞ-də aparılan yeni bir elmi araşdırma, COVID-19 infeksiyasının uzun müddətdə ciddi nevroloji risklərə səbəb ola biləcəyini ortaya qoyub.

Medicina.az xəbər verir ki, tədqiqata görə, uzun müddətli COVID (Uzun COVID) simptomları göstərən şəxslərdə Alzheimer xəstəliyi ilə birbaşa əlaqəli olduğu bilinən bir zülal səviyyəsində təxminən 60% artım müşahidə olunub.

Bu tapıntılar göstərir ki, beyin dumanlığı, baş ağrısı və yaddaş pozğunluğu kimi simptomlar yaşayan xəstələrdə demans riski daha yüksək ola bilərlər.

Stony Brook Universitetindən bir qrup tərəfindən aparılan tədqiqat, Dünya Ticarət Mərkəzi Sağlamlıq Proqramına daxil olan 225-dən çox uzun müddətli COVID xəstəsini araşdırıb. İnfeksiyadan orta hesabla 2,2 il sonra xəstələrdən götürülmüş qan nümunələri araşdırılıb.

Nəticələr eBioMedicine jurnalında dərc edilib.

Tədqiqatda qeyd olunub ki, nevroloji simptomlar (beyin dumanı, başgicəllənmə, baş ağrısı) göstərən xəstələrdə Alzheimer xəstəliyinin əsas zülallarından biri olan pTau-181 adlanan "Tau zülalının" səviyyəsi heç vaxt infeksiya keçirməmiş və ya uzunmüddətli problemlər yaşamamış şəxslərlə müqayisədə xeyli yüksəkdir. Daha da təəccüblüsü odur ki, bu zülal səviyyələri 18 aydan çox davam edən koqnitiv şikayətləri olan xəstələrdə daha yüksək olub.

Tədqiqatın həmmüəlliflərindən biri olan Dr. Benjamin Luft, nəticələrin vacibliyini vurğulayaraq xəbərdarlıq edib:

"COVID-19-un uzunmüddətli təsiri Alzheimer xəstəliyində müşahidə olunanlara bənzər xroniki neyrokognitiv problemlərə səbəb ola bilər."

Aygün
Medicina.az