Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çürük dişlərdən qurtulun - Təhlükəli xəstəlik riskini artırır

  • 2024.05.15 19:45
  • 822 Baxış
Çürük dişlərdən qurtulun -  Təhlükəli xəstəlik riskini artırır
Ağız və diş sağlamlığının əhəmiyyəti getdikcə artır. Pis ağız gigiyenasının bakteriyaların asanlıqla çoxalmasına və müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola biləcəyini bilirik. Üstəlik, ağızdan qoxu gəlməsi sosial münasibətlərə də mənfi təsir edir.

Ancaq bütün bunlara baxmayaraq, diş çürüməsi ağrı vermədiyi halda çox vaxt ciddiyə alınmır. Həkimlər isə çürük dişlərin ürək xəstəliklərini tətiklədiyinə işarə edirlər.

Medicina.az xəbər verir ki, türkiyəli həkim Kadriye Merve Altıkat dişlərin çürüməsinin xüsusilə anadangəlmə ürək çatışmazlığı olan uşaq və böyüklərdə, ürək qapaq protezi olan xəstələrdə, ürək əməliyyatı keçirmiş insanlarda ciddi risk yaratdığını bildirib.

"Ağız və diş sağlamlığına qulluq, eləcə də xəstəlik irəliləməzdən əvvəl müntəzəm diş həkimi müayinəsi ilə ürək xəstəlikləri 70 faiz azaldıla bilər", - deyə doktor qeyd edib.

Dr. Kadriye Merve Altıkat ağız və diş sağlamlığına laqeyd yanaşmanın yalnız dişlərin tökülməsinə deyil, ürək sağlamlığımıza da mənfi təsir etdiyinə diqqət çəkib. O bildirib ki, diş və diş ətinin iltihabi xəstəlikləri, yəni periodontal xəstəliklərlə ürək xəstəlikləri arasında birbaşa əlaqə elmi şəkildə sübut olunub:

“Bu əlaqə hətta ümumi səhhətində heç bir problemi olmayan insanlar üçün belə risk yaradır. Təkcə çürümüş və yoluxmuş dişlərin çəkilməsi və ya müalicəsi zamanı deyil, bəzən hətta dişlərin fırçalanması zamanı baş verən qanaxmalarda belə buradakı infeksion agentlər qana qarışaraq ürəkdəki problemli nahiyəyə çatır və orada çoxalaraq ciddi ürək infeksiyasına səbəb olur”.

Qoruyucu tədbirlərin əhəmiyyətinə toxunan doktor sözlərinə belə davam edib:

“Enfektif endokardit adlanan bu təhlükəli klinik vəziyyətə qarşı profilaktik tədbir olaraq risk qrupunda olan xəstələrə diş müalicələrindən əvvəl infeksiyanın qarşısını almaq üçün antibiotiklər verilir. Ağız və diş sağlamlığı üçün ən ideal müalicə üsulu profilaktik tədbirlərdir. Ağız və diş sağlamlığımızda baş verə biləcək hər hansı neqativin həyati vacib orqanlarımızdan biri olan ürəyimizə və onu əhatə edən damar sisteminə təsirini unutmamalıyıq”.

Həkim bu nöqtədə hər 2 aydan bir istifadə etdiyimiz diş fırçasını yeniləməyin və gündə bir dəfə diş ipindən istifadə etməyin vacibliyini xatırladıb.

“Ağız və diş sağlamlığı üçün körpəlikdən başlayaraq mütəmadi olaraq diş həkimi müayinəsindən keçmək və ildə ən az iki dəfə müntəzəm olaraq diş həkiminə müraciət etmək vacibdir. Yalnız bu yolla biz ciddi diş və diş əti xəstəliklərini erkən diaqnoz edə bilərik. Rutin müayinələr və düzgün ağız baxımı vərdişləri sayəsində sağlam təbəssüm və sağlam ürək üçün addımlar ata bilərik", - deyə doktor vurğulayıb.


Aysel