Türkiyədə Samsunda yaşayan 26 yaşlı gənc qadın depressiya düşüb və huşunu itirmə şikayəti ilə rayon xəstəxanasına gətirilib. Gənc xəstə 32 gün xəstəxanada qalıb.
Medicina.az xəbər verir ki, xəstə üzərində çoxsaylı analizlər aparılıb, lakin onun niyə oyanmadığını, gözlərini açmadığını, danışmadığını başa düşmək
mümkün olmayıb.
Daha sonra xəstə Ondokuz May Universiteti (OMÜ) Tibb Fakültəsi Xəstəxanasına sövq edilib. Burada dos. Özgür Kılıç tərəfindən reanimasiyada izlənməyə başlanıb.
Xəstənin 56 gün ərzində heç bir xəbərdarlığa reaksiya vermədiyini söyləyən Özgür Kılıç deyib:
"Bizə müraciət edəndə onu reanimasiyada izləməyə başladıq. Xəstə gözlərini açmırdı, ağrılı qıcıqlara reaksiya vermirdi. Bütün nevroloji, metabolik, infeksion, toksik və endokrin testlər normal idi. Saysız-hesabsız ehtimalları istisna etdik, lakin xəstənin orqan pozğunluğunu tapa bilmədik. Psixiatrik bir vəziyyət ola biləcəyini düşündük. Psixiatriya, nevroloji və reanimasiya mütəxəssisləri ilə birlikdə bütün məlumatları qiymətləndirərək, bunun katatoniya ola biləcəyinə qərar verdik. Katatoniya bəzi ağır psixiatrik xəstəliklərdə görülə bilən və insanın danışmaması, hərəkət etməməsi və ətraf mühitlə bütün əlaqəni itirməsi kimi simptomlarla ortaya çıxan bir vəziyyətdir. Bu vəziyyət xüsusilə ağır depressiyada yarana bilər. Kənardan baxıldığında huşsuz görünür, amma əslində içəridə bir növ 'donma halı' yaşanır. Biz gecikmədən bu vəziyyətə müdaxilə etdik. EKT (elektrokonvulsiv terapiya) müalicəsinə başladıq. 56-cı gündə 5-ci seansdan sonra səhər gözlərini açdı. Yemək yedi. Həmin anı təsvir etmək çətindir. Bu hadisə bizə göstərdi ki, depressiya təkcə kədərlənmək deyil. Bəzən bir insanı tamamilə susdura və dayandıra bilər".
Aygün
Medicina.az