Dondurma yeyərək artıq çəkidən xilas olmaq mümkündür?

  • 2024.06.07 19:59
  • 1188 Baxış
Dondurma yeyərək artıq çəkidən xilas olmaq mümkündür?
Dondurma yayın istisində ən çox yeyilən qidalardan biridir. Tərkibinə, hazırlanma üsuluna və son istifadə tarixinə diqqət edilərək yeyilən dondurma orqanizm üçün olduqca faydalıdır.

Medicina.az xəbər verir ki, mütəxəssislər isti yay günlərinin əvəzolunmaz deserti kimi tanınan dondurmanın çox az məlum olan faydalarını açıqlayıblar.

Dondurmanın təhlükələrindən tez-tez bəhs edilsə də, onun sağlamlığa müsbət təsirləri çox vaxt diqqətdən kənarda qalır. Bununla belə, son araşdırmalar göstərir ki, dondurma təkcə ləzzətli qəlyanaltı deyil, o, həm də müxtəlif sağlamlıq faydaları təqdim edir.

Dondurmanın tərkibində zülalla yanaşı, A, C, D, E və B qrupu vitaminləri də var. Qanın laxtalanmasını və həzmini dəstəkləyən K vitamini ilə də zəngindir.

Dondurma çəki idarə etməyə kömək edir. Araşdırmalar göstərir ki, müntəzəm olaraq dondurma istehlak edən şəxslər digər pəhriz üsullarına əməl edənlərdən daha çox arıqlayırlar. Yaz və yay aylarında şirniyyat əvəzinə dondurma yeyərək xeyli çəki atmaq olar. Həmçinin, qəlyanaltı zamanı da dondurmaya üstünlük verərək ideal çəkiyə yaxınlaşmaq mümkündür.

Dondurmada yağın miqdarı digər bütün desertlərdən azdır. Üstəlik təbii məhsullardan, doğru üsulla hazırlanan dondurma insanı uzun müddət tox saxlayır. Əgər dondurmanı ev şəraitində, içərisinə meyvələr qataraq hazırlasanız və şəkər əvəzinə baldan istifadə etsəniz, qan şəkərinin ani yüksəlməsinin də qarşısını almış olarsınız. Bu isə daha gec acmağa və iştahın nəzarətdə saxlanmasına kömək edəcək.

Bundan əlavə, dondurmanın tərkibindəki kalsium və fosfor sümük və diş sağlamlığına kömək edir, B vitamini isə enerji mübadiləsini dəstəkləyir. Enerji səviyyəsini artıran dondurmanın bəzi növlərində probiotiklər, prebiotiklər, pəhriz lifləri, Omeqa-3 yağ turşuları və mineral maddələr də var. Bu cür zənginləşdirilmiş dondurmalara da üstünlük vermək olar. Məsələn, probiotik dondurma bağırsağın sağlamlığını dəstəkləyir, antioksidant gücü artırılmış dondurma isə sərbəst radikallardan qoruya bilər.

Mütəxəssislər vurğulayırlar ki, dondurmanın faydalarından tam yararlanmaq üçün onu balanslı və orta miqdarda istehlak etmək lazımdır.


Aysel